Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Gəncə Səyyar “ASAN xidmət" avtobusunda vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
İcra başçısı Gəncə Səyyar “ASAN xidmət" avtobusunda vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb4-04-2023, 18:01 |
Ölkəmizdə vətəndaş amili bütün sahələrdə əsas götürülür. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bu dediklərimizə xidmət edir. Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar. Xəbər verdiyimiz kimi, Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri növbəti dəfə 3 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 109 ünvanında (“Azərpoçt” MMC-nin və Qazax Telekommunikasiya qovşağının qarşısı) əhaliyə səyyar xidmətlər göstərirlər. Aprelin 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gəncə Səyyar "ASAN xidmət” avtobusunun yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. “ASAN xidmət” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstərmələri üçün yaradılan şəraitlə tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə öyrənib. Səyyar "ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı rayon rəhbərliyinə məlumat verib ki, 26 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur. Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir. Qrup rəhbəri avtobusun fəaliyyətə başladığı ilk gündən müraciət edən 268 nəfər vətəndaşdan 247 nəfərə xidmət göstərildiyini bildirib. Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar. Məlumat üçün bildirək ki, Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu bazar ertəsi və cümə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Qeyd: Səyyar “ASAN xidmət" avtobusu Qazaxda bu günə kimi 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr-4 noyabr 2022-ci il (30 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib. GOYEZEN.AZ Geri qayıt |