Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Birinci Qarabağ müharibəsi şəhidi Vasif Haqverdiyevin anasının üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

İcra başçısı Birinci Qarabağ müharibəsi şəhidi Vasif Haqverdiyevin anasının üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib


29-03-2023, 17:48


"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. 

Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində şəhid olan oğullarımızdan biri də Haqverdiyev Vasif Mirzə oğludur.


Vasif Haqverdiyev 26 yanvar 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü il mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür.

Qəhrəman şəhidimizin anası Haqverdiyeva Ayna Musa qızı ötən gün dünyasını dəyişib. Martın 29-da şəhidimizin anasının üç mərasimi olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri üç mərasimində iştirak edib və ailəsinə başsağlığı veriblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərhum Ayna Haqverdiyevanın vəfatından kədərləndiyini bildirib, oğlu Alirzə Haqverdiyevə və ailəsinə dərin hüznlə başsağlığı verib, bu ağır günlərdə Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.   

GOYEZEN.AZ


Geri qayıt