Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Novruz bayramı münasibətilə “Bənövşə ətirli ulu Novruzum” adlı ümumrayon tədbiri keçirilib

Qazaxda Novruz bayramı münasibətilə “Bənövşə ətirli ulu Novruzum” adlı ümumrayon tədbiri keçirilib


18-03-2023, 16:16


Ta qədimdən xalqımızın ən sevimli bayramlarından olan ulu Novruzun gəlişi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da xoş əhval–ruhiyyə, könül xoşluğu yaradıb. Bu əlamətdar bayram münasibətilə keçirilən ümumrayon tədbiri ilə əlaqədar şəhərin mərkəzində, o cümlədən tədbirin bilavasitə keçiriləcəyi yerdə, rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda, ətraf bağ və parklarda səliqə-səhman yaradılıb, hər tərəf al-əlvan bayraqcıqlar, səmənilər və gül-çiçəklərlə bəzədilib. Mədəniyyət Mərkəzinin qarşısında Novruz bayramına həsr olunmuş baner yerləşdirilib. Mərkəzinin qarşısındakı geniş meydanda yaraşıqlı xalça salınıb, xalçanın üzərinə rayonumuzun adət-ənənələrini əks etdirən qədim əşyalar qoyulub. Bayram süfrələri Novruzun simvolu olan şəkərbura, paxlava və səmənili xonça ilə bəzədilib. Mədəniyyət Mərkəzinin qarşısında bayram əhval-ruhiyyəli musiqilər səsləndirilib.

Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, gənc könüllülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

Kosa, Keçəl və Bahar qızı tərəfindən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və qonaqların qarşılanması ilə bayram tədbirinə start verilib.

Sonra icra başçısı Mədəniyyət Mərkəzinin qarşısında sərgilənən Novruz süfrələrinə, xonçalara, qədim adət-ənənələrimizi yaşadan milli məişət əşyalarına, idmançıların nümunəvi çıxışlarına baxıb. 

Tədbirin aparıcısı, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Günel Əkbərli giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Aparıcı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğulayıb. Bildirib ki, məhz bu dahi şəxsiyyət illər öncə Vətənini, Azərbaycanı və xalqını sevərəkdən Novruz bayramını milli bayram elan etmişdir. Dahi şəxsiyyət demişdi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, xalqımızı, tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə təbrik edib, iştirakçılara cansağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb. İcra başçısı bildirib ki, illər öncə hər zaman arzu edirdik ki, gün gəlsin Novruz bayramını işğal altında olan torpaqlarımızda qeyd edək. Bəli, bu gün həmin arzumuz gerçək olub. Artıq 3 ildir ki, xalqımız Novruz bayramını qalib ölkənin vətəndaşı olaraq qeyd edir. Respublikamızın bütün bölgələrində olduğu kimi, azad olunmuş torpaqlarımızda, doğma Qarabağda, Şuşada bayram şənlikləri keçirilir, bayram tonqalları alovlandırılır. 


Rayon rəhbəri milli bayramımız olan Novruzun təkcə ölkəmizdə deyil, ölkə hüdudlarından kənarda da yüksək səviyyədə qeyd olunduğunu söyləyib. İcra başçısı Novruzu belə yüksək səviyyədə, bayram əhval-ruhiyyəsində qeyd etdiyimizə görə, eləcə də üzərində gəzdiyimiz torpağa görə şəhidlərimizə borclu olduğumuzu vurğulayıb. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Bugünkü bayramı belə könül xoşluğu ilə qeyd etdiyimizə görə bir daha Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu söyləyib.

Sonra icra başçısı Rəcəb Babaşov şəhid ailələri birgə bayram tonqalını alovlandırıblar. 

Daha sonra Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bir-birindən rəngarəng çıxışlara yer verilib. “Göyəzən” instrumental ansamblının ifasında “Novruz suitası” səsləndirilib. 

Türkan Rəhimova və Vüsal Osmanlının təqdim etdikləri “Mən gəlirəm Qazaxa” mahnısı alqışlarla qarşılanıb. Vüqar Mehdiyevin səsləndirdiyi ”Səməni”, Mədəd Mədədzadə, Zəhra İsmayılova, Fatimə Kazımlının ifasında səslənən “A kos-kosa gəlsənə” mahnıları, Mədəniyyət Mərkəzinin “Qazağı” rəqs qrupunun təqdim etdiyi “Yallı” rəqsi tədbirə xoş ovqat qatıb. 

Kosa, Keçəl və Bahar qızın səhnəyə gəlişi bayrama toplaşanlara xoş anlar bəxş edib. 

Aşıq Samir Cəlaloğlunun ifasında səslənən “Ovşarı” saz havası, Aşıq Ruslan Məmmədovun təqdim etdiyi “Canımsan Qazax” mahnısı, Aşıq Camoy Qurbanovun təqdim etdiyi “Orta Sarıtel” saz havası, Vüsal Osmanlının səsləndirdiyi “Gözlərin”, gənc ifaçı Zəmanə Dərvişin təqdim etdiyi “Popuri”, Süleyman Həsənov və Türkan Rəhimovanın təqdim etdikləri “Dünya”, Ramal Vilayətoğlunun təqdim etdiyi “Elimizə Bahar gəlir” manhıları, Nəsimi Kamaloğlunun təqdim etdiyi “Popuri” tədbirə əsl bayram əhval-ruhiyyəsi qatıb.

GOYEZEN.AZ


Geri qayıt