Əsas Səhifə > Manşet / Sosial > Qazaxda Fərrux ağa Qayıbovun şərəfinə
Qazaxda Fərrux ağa Qayıbovun şərəfinə11-09-2016, 13:46 |
Respublikamızda gedən genişmiqyaslı tikinti-quruculuq işlərini Qazax rayonunun timsalında aydın şəkildə görmək olar. İstər şəhərdə, istərsə də kəndlərimizdə abadlıq işləri həyata keçirilir, yeni-yeni binalar, bulaqlar tikilir, tədris müəssisələri, şəhid və Qarabağ müharibəsi əlillərinin evləri əsaslı şəkildə təmir olunur. Bu gün Qazax sözün əsl mənasında özünün quruculuq dövrünü yaşayır. Rayonumuzun siması get-gedə daha gözəl olur, küçələr, meydanlar, parklar göz oxşayır. Öz əməklərinin bəhrəsini görən rayon sakinləri bu quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirirlər. Bəli, bu gün Qazaxda yaşamaq da, yaratmaq da gözəldir. Qeyd etdiyimiz kimi yeni-yeni tikililərin açılışını keçirmək artıq rayonumuzda bir ənənə şəklini almışdır. Bu günlərdə qazaxlıların intizarla gözlədikləri daha bir yeni tikili istifadəyə verilmişdir. Rayonumuzun coğrafiyasına daha bir ünvan daxil olmuşdur. Təyyarə Abidə Kompleksi. Yüksək keyfiyyətli mərmərlə üzlənmiş postament təyyarəyə bir ucalıq, vüqar verir. Kompleksin ətrafına döşənmiş aqlay daşlar ona daha bir gözəllik gətirmişdir. Kompleksin ətrafı yaşıllıqlara qərq olmuşdur. Bəli, Qazaxda ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış Təyyarə Abidə Kompleksi sözün əsl mənasında göz oxşayır. Rayonumuzun giriş hissəsində, magistral avtomobil yolunun kənarında qoyulmuş bu abidə lap uzaqdan adamın diqqətini özünə cəlb edir. Ona diqqətlə, könül xoşluğu ilə tamaşa edən insanlar rayon rəhbərliyinə minnətdarlıq edir, razılıqlarını bildirirlər. Bu da təbiidir. Çünki indiyə qədər təyyarə rayonun müxtəlif yerlərində qoyulmuş, necə deyərlər, öz layiqli yerini tapmamışdı. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bütün bunları nəzərə alaraq tarixi bir iş görüb təyyarəni rayonun ən görməli yerində, özü də çox yüksək şəkildə postament üzərinə qoydurdu. Bununla da Təyyarə Abidə Kompleksi tarixə düşdü. Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış Təyyarə Abidə Kompleksinin açılışı ilə əlaqədar abidənin önündə tədbir keçirilmişdir. Tədbirdə İcra Aparatının kollektivi, müəllimlər, gənclər, ağsaqqallar, hərbiçilər, ictimaiyyətin digər təbəqələrinin nümayəndələri, yüzlərlə rayon sakini iştirak etmişdir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək abidə kompleksin qoyulmasının məqsəd və əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, Qazax rayonu Azərbaycana dahilər, şairlər, elm xadimləri, ziyalılar bəxş etmişdir. Əksər sahələr üzrə ilk tanınmış insanlar Qazaxdan olmuşdur. Fərrux ağa Qayıbov da öz adını tarixə yazdıran ilk azərbaycanlı təyyarəçidir. Onun keçdiyi qısa, amma şərəfli və mənalı ömür yolu hamımıza bir nümunədir. Biz bu abidəni ucaltmamışdan öncə ziyalılar, Qazaxdan olan elm adamları, ağsaqqallar və digər sahədən olan insanlarla söhbətlər apardıq, məsləhətləşdik. Nəhayət, hamının yekdil fikri belə oldu ki, abidə Qazax rayonunun girişində, Bakı-Qazax magistral yolun kənarında qoyulsun. Bu gün biz böyük qürur hissi ilə bu abidənin açılışını edirik. Bu abidə kompleks yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətli dərəcədə rol oynayacaqdır. Çünki ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun keçdiyi şərəfli ömür yolu gənclərə ən gözəl nümunədir. Qoy abidə-kompleks gələcək nəsillər üçün bir vətənpərvərlik simvolu olsun. Sonra tarixçi müəllim Mustafa Mirzəyev Fərrux ağa Qayıbovun həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. N saylı hərbi hissənin komandiri İdris Məhərrəmov, AMEA-nın məsul işçisi İsmayıl Umudlu, ağsaqqallardan Abdulla Mustafayev, Murad Süleymanov, Sabir Məhərrəmov, BDU-nun Qazax filialının direktoru professor Vüsət Əfəndiyev, ADU-nun professoru Məmməd Quliyev, Qarabağ müharibəsi əlili Qurban Qurbanov və başqaları çıxış edərək öz ürək sözlərini söylədilər və bu abidəni ucaltdırdığına görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirdilər. Şairlərdən əməkdar incəsənət xadimi Barat Vüsal, Həvəskar, Cavanşir Rüstəm vətənpərvərlik ruhunda yazdıqları şeirləri oxudular. Sonra Qayıbovlar nəslinin adından Saleh Qayıbov çıxış edərək illərdən bəri ürəklərindəki arzunun bu gün həyata keçməsindən danışaraq bu möhtəşəm abidə kompleksi ucaltdırdığına görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi. Sonda Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri şeirlər söylədilər. Elçin İSMAYIL Geri qayıt |