Əsas Səhifə > Manşet / Təhsil > BDU-nun Qazax filialında Novruz şənliyi keçirilib

BDU-nun Qazax filialında Novruz şənliyi keçirilib


14-03-2023, 20:47


Martın 14-də Bakı Dövlət Universitetinin Qazax filialında milli bayramımız olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın məzunu olmuş şəhid leytenant Məhəmməd Məmmədovun atası Zakir Məmmədov bayram tədbirində iştirak ediblər. 


Tədbirin aparıcıları qonaqları və müəllim-tələbə kollektivini salamladıqdan sonra bayram şənliyinə start verilib. 


Filialın direktoru Arif Rüstəmov çıxış edərək rayon rəhbərliyini və tədbir iştirakçılarını salamlayıb, xoş arzularını çatdırıb. A.Rüstəmov ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, rayon rəhbərliyini, müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə həyata keçirdikləri bütün işlərdə uğurlar arzulayıb. A.Rüstəmov artıq 3 ildir ki, Novruz bayramını qalib ölkənin vətəndaşı olaraq qeyd etdiyimizi vurğulayıb. Əldə etdiyimiz tarixi Qələbəyə, Novruz bayramını bu cür yüksək əhval-ruhiyyədə qeyd etməyi bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, Vətən yolunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. Filialın məzunu olmuş Məhəmməd Məmmədovun Şəhidlik zirvəsinə yüksəldiyini qeyd edən A.Rüstəmov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun xatirəsinin daim əziz tutulduğunu, rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə filialda adını əbədiləşdirən guşənin yaradıldığını, BDU-nun Qazax filialının təşəbbüsü və dəstəyi ilə filialın Mətbuat Xidmətinin rəhbəri, “Göyəzən” qəzetinin baş redaktoru, “Tərəqqi“ medalı ilə təltif olunmuş, jurnalist, şair-publisist Elçin İsmayıl tərəfindən hazırlanmış, qəhrəman şəhidə həsr olunmuş şeirlərin toplandığı “Adını tarixə yazdı” adlı kitabın yazıldığını qeyd edib. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən filial direktoru bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından minnətdarlığını bildirib. Bu gün bayram şənliyində tələbələrin arasında olmasını, onları təbrik etməsini gənclərə verdiyi dəyər kimi qiymətləndirib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək bütün Azərbaycan xalqını, o cümlədən, filialın müəllim və tələbə kollektivini tarixi köklərə malik olan Novruz bayramı və torpaq çərşənbəsi münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib. İcra başçısı BDU-nun Qazax filialında təhsil alan bütün tələbələrlə qürur duyduğunu söyləyib. Rayon rəhbəri ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.  Filialın məzunu olmuş şəhid leytenant Məhəmməd Məmmədovun əziz xatirəsini ehtiramla yad edən icra başçısı onun doğma qazaxlıların, təhsil aldığı filialın kollektivinin qəlbində əbədi yaşayacağını qeyd edib. İcra başçısı sonda tələbələri bir daha təbrik edib, xoş arzularını çatdırıb. 

“Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”,  “İgidliyə görə” medalları ilə təltif olunmuş, filialın I kurs tələbəsi Qılınc Cəfərov çıxış edərək təbriklərini çatdırıb. 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürur duyduğunu söyləyib. Artıq 3 ildir ki, Şuşada, Cıdır düzündə bayram tonqalının alovlandığını bildirib. 

“Novruz gəlir, yaz gəlir” mahnısı ilə start verilən bayram şənliyində bir-birindən xoş anlar yaşanıb. Tədbirdə bayram təamları ilə bəzədilmiş ən yaxşı stolun müəyyən edilməsi məqsədilə münsiflər heyəti yaradılıb. Onlar bütün bayram süfrələrinə baxış keçirərək bəzədilmiş ən yaxşı stolu müəyyən ediblər. Fərqlənən 3 ən yaxşı stolun nümayəndəsinə filial rəhbərliyi tərəfindən bayram hədiyyələri təqdim edilib. 

Novruz şənliyində rəngarəng konsert proqramı təşkil olunub. Yüksək səviyyədə keçirilən bayram şənliyində şən-şux musiqi sədaları altında tələbələrin hazırladıqları rəngarəng əyləncəli səhnəciklər, əl işləri, milli təamlar nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa olunub. 

Filialın III kurs tələbəsi Xaqan Qurbanovun ifasında M.Moqamayevin “Azərbaycan”, “Mavi gözlüm“, II kurs tələbəsi Bəsti Alcanovanın ifasında “Dağlarda duman gözəldir”, III kurs tələbəsi Günay Kazımovanın ifasında “Qarabağ”, III kurs tələbəsi Cavid Vəliyevin ifasında “Xudayar təsnifi”, “Axtarır gözüm səni”, I kurs tələbəsi Məhəmməd Salmanovun ifasında “Sarı gəlin”, Xaqan Qurbanov və Aytac Cəfərovanın ifasında “Azərbaycan“ mahnıları, II kurs tələbəsi Natiq Şahhüseynovun ifasında “Baş sarıtel” saz havası alqışlarla qarşılanıb.  

Tələbələrin ifasında “Arşın mal alan” filmindən təqdim edilən səhnəcik, IV kurs tələbəsi Elnur Hüseynov və III kurs tələbəsi Aytac Cəfərovanın ifasında təqdim edilən “Uzundərə” rəqsi, tələbələrin ifasında “Ləzdinka” oyun havası, filialın Mətbuat Xidmətinin rəhbəri Elçin İsmayılın “Mənim səcdəgahım, qibləm Qazaxdır” şeirinin tələbələrin ifasında səslənməsi, gənc şair tələbələrdən Murad Şahbazov və Allahverdi Süleymanovun öz şeirlərini səsləndirmələri bayram şənliyinə xoş ovqat qatıb. 

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və filialın direktoru Arif Rüstəmov bayram tonqalını alovlandırıblar. Novruz bayramına həsr olunmuş tədbir xoş musiqi sədaları altında başa çatıb. 

GOYEZEN.AZ


Geri qayıt