Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərini yad edib

Qazaxda icra başçısı Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərini yad edib


11-03-2023, 12:26


Azərbaycanın hərb tarixinə, xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olunan 2020-ci il illər keçsə belə hər zaman tarixi Qələbənin, şanlı Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağıq. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizlərin üzərinə düşən ən ümdə işdir. 30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın igid, mərd oğulları da döyüşdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.

Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. 

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  həmin qayğını bu gün də davam etdirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində, bayramlarda onları, ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq qarşıdan gələn Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan oğullarımızı yad edib, onların əziz xatirələrini ehtiramla anıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə Ürkməzli, Dəmirçilər və Alpout kəndlərində olub, Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca bütün şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.

Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəs üçün nümunə olmalıdır. "Bu gün özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizin məzarlarını ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq. Çünki şəhidlərimiz üçün nə etsək azdır”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid gizir İlkin Şükürovun atası Aslan Şükürov və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayan şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun məzarını ziyarət

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun məzarını ziyarət

Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlunun məzarını ziyarət

Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid (MAHHXHQ) çavuş Kərimov Kamil Ələddin oğlunun məzarını ziyarət

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun məzarını ziyarət

 

Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid gizir Məmmədov Turan Nadir oğlunun məzarını ziyarət

Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun məzarını ziyarət


GOYEZEN.AZ


Geri qayıt