Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda müasir ticarət obyekti

Qazaxda müasir ticarət obyekti


27-10-2017, 13:02
Qazaxda müasir ticarət obyekti
Ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətdə sahibkarlığın inkişafı prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Respublikanın hər yerində sahibkarlara şəffaf və münbit şərait yaradılmışdır.
Sahibkarlığın inkişafına mane olan əssasız yoxlamalar və yersiz müdaxilələr tamamilə aradan qaldırılmışdır ki, bu da qeyri-neft sektorunun sürətli inkişafına zəmin yaratmışdır. Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən daha aydın şəkildə görmək olar.
Qazax şəhərində "BEKO” məişət cihazlarının satışı mağazası da Qazaxda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani sübutudur. Bu tip müəssisələrin açılması həm məşğulluğun təmini istiqamətində, həm də məhsulların alıcılara əlçatan olması cəhətdən önəmli hadisədir.
Açılış mərasimində iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib, yeni yaradılan mağazaya öz xeyir-duasını verib.
Mağaza sahibi Vahid Əsgərov çıxış edərək bildirib ki, respublikamızda, eləcə də Qazaxda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, yeni mağazada satılan bütün mallar yüksək keyfiyyətlidir və eyni zamanda, bütün mallara zəmanət verilir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mağazanın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra rayon sakinləri mağaza ilə tanış oldular, burada satılan məhsulların keyfiyyəti ilə maraqlandılar.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
27 oktyabr 2017-ci il


Geri qayıt