Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının fevral ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü sərhəd kəndi Bala Cəfərlidə keçirilib

İcra başçısının fevral ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü sərhəd kəndi Bala Cəfərlidə keçirilib


9-02-2023, 20:20

 

Bu gün ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan qayğısı bütün sahələrdə öz əksini tapır ki, bunu hər bir ölkə vətəndaşı hiss edir. Ölkə Prezidentinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdən aydın şəkildə görmək olur ki, dövlət siyasətinin kökündə hər zaman vətəndaş məmnunluğu dayanır. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə ötən ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədə xidmət edir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının fevral ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun sərhəddə yerləşən Bala Cəfərli kəndində olub.

Fevralın 9-da Qazax Rayon Bala Cəfərli kənd ibtidai məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü görüşün təməlində də vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.


Rayon rəhbəri Bala Cəfərli kəndinin də şəhidlər verdiyini, Birinci Qarabağ müharibəsində 6 nəfərin Şəhidlik zirvəsinə ucaldığını, 1 nəfərin müharibə əlili olduğunu bildirib. İcra başçısı 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Bala Cəfərli kəndindən 8 nəfərin iştirak etdiyini, onlardan 3 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, iştirakçılardan 1 nəfərin yaralandığını söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. 


Türkiyədə baş vermiş zəlzələdən söz açan icra başçısı bu hadisəni Azərbaycan xalqının, hər bir vətəndaşın ürək ağrısı ilə qarşıladığını qeyd edib. Zəlzələ zamanı dünyasını dəyişən insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Rayon rəhbəri bu ağır günlərdə bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi olduğumuzu, xalqımızın, uşağından tutmuş yaşlı insana kimi hər kəsin Türkiyədə zərər çəkən insanlara yardım etmək üçün səfərbər olduğunu söyləyib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında xalqımızın Türkiyədə zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımıza dəstək olmaq üçün əllərindən gələni əsirgəmədiklərini vurğulayıb. İcra başçısı bildirib ki, necə ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyə bizim yanımızda idi, dar günümüzdə bizə dəstək oldu, bu gün də biz onların yanındayıq. 


Ötən müddət ərzində Bala Cəfərli kəndində sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. İlk gündən sərhəd kəndi olan Bala Cəfərlidə yaşayan sakinlərə göstərilən dövlət qayğısının bu gün də davam etdiyini söyləyib. Ötən dövr ərzində kənddə içməli su problemi, kənd qəbiristanlığının ətrafına metal torun çəkilməsi, kənd bağçasının əsaslı təmiri, internet xəttinin çəkilməsi, SİP kabelləşmənin aparılması, evlərin dam örtüyünün yenilənməsi, kənddə marşrut xətti, eləcə də bir sıra məsələlərlə bağlı edilən müraciətlərin müsbət həllini tapdığını qeyd edib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını, 2 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Ceyhun Rəhimov və başqaları onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Bala Cəfərli kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Mürsəlov Taryel İsmandiyar oğlunun kənddə əhalinin suvarma suyu ilə tam təmin olunması məqsədilə əlavə 1 ədəd subartezian quyusunun qazılması ilə bağlı müraciətini dinləyən rayon rəhbəri səslənən məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Dövlət Proqramı çərçivəsində məsələnin öz həllini tapacağını qeyd edib. 

GOYEZEN.AZ


Geri qayıt