Əsas Səhifə > Manşet / Gənclər > 2 Fevral – Azərbaycan Gəncləri Günü Qazaxda böyük təntənə ilə qeyd olunub

2 Fevral – Azərbaycan Gəncləri Günü Qazaxda böyük təntənə ilə qeyd olunub


2-02-2023, 20:06


2 Fevral – Azərbaycan Gəncləri Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. 

“Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin və “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. 


Əlamətdar gün münasibətilə Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon Gənclər və İdman İdarəsinin, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin rəhbərliyi, tələbələri, qazilər, şəhər və rayonun kəndlərində yaşayan gənclər, mədəniyyət, səhiyyə müəssisələrinin əməkdaşları iştirak ediblər.

Rayon rəhbərliyi və gənclər əlamətdar gündə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizi də unutmayıblar. Gənclər şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, igid Vətən oğullarının əziz xatirələrini ehtiramla yad ediblər. 

Sonra gənclər Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 

Qazax Gənclər Mərkəzində davam edən tədbirdə aparıcı, deputat köməkçisi Akif Əmirov giriş sözü ilə çıxış edərək bütün gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdıraraq, tədbirdə iştirak edən qonaqlara razılığını ifadə edib. 

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən, Prezident İlham Əliyevin və rayon rəhbərliyinin gənclərə göstərdikləri qayğıdan, rayonda gənclərlə olan görüşlərdən, keçirilən tədbirlərdən bəhs edən video-slayd nümayiş etdirilib. 

 


Aparıcı Akif Əmirov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 100 ilin böyük insanlarından biri idi. O, şəxsi qazanc və şöhrətin arxasında qaçan bir rəhbər yox, xalqına sağlam gələcək qurmaq üçün yaşayan bir qəhrəman idi. Əbəs yerə yüz ilin insanı demirlər Heydər Əliyevə. Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaradaraq 1500 azərbaycanlı gənci SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərdi. Bu say daha sonra 3500-ə çatdı. Ümummilli Lider düşünürdü ki, həmin gənclər Azərbaycanı tərəqqiyə aparacaq. Bəli, dahi şəxsiyyət düşüncələrində yanılmadı. ”Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləyən Ulu Öndər o günəşin şəfəqlərində ölkəmizin gənclərini görürdü. Bu gün onun inam bəslədiyi gənclərin günüdür. A.Əmirov çıxışı zamanı Respublika Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə 2023-cü ilin “Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini bildirib. Bu Sərəncamın icrası ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq Tədbirlər Planı təsdiqləndiyini, həmin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər keçirildiyini və bugünkü tədbirin həmin tədbirlərin davamı olduğunu söyləyib. Respublika Prezidenti İlham Əliyevin "Heydər Əliyev İli" çərçivəsində Tədbirlər Planını təsdiq etməsi haqqındakı Sərəncamının Azərbaycanın müstəqillik tarixinin qüdrətli yaradıcısı və müstəqil Azərbaycan dövlətinin böyük qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin parlaq irsinin öyrənilməsi və müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi yolunda xidmətlərinin əhatəli şəkildə xalqımıza çatdırılmasında mühüm əhəmiyyətə malik dövlət sənədi olduğunu vurğulayıb. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və gəncləri salamlayıb, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. İcra başçısı qeyd edib ki, Azərbaycan az-az ölkələrdəndir ki, təqvimdə gənclərlə bağlı xüsusi gün var və həmin gün ölkədə xüsusi qeyd edilir. Həm bu, həm də həyata keçirilən işlər ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıldığını ortaya qoyur. Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərilərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci Forumu keçirildi. 1997-ci ildən isə Prezidentin Sərəncamı ilə 2 fevral - Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi-iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır. Rayon rəhbəri bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq. Prezident 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər İli" elan edilməsində də göstərdi. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. 2011-ci ilin 7 iyul tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” Sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Qeyd edilən diqqət və qayğıdan güc alan Azərbaycan gəncliyi həm də vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə fərqlənir. İcra başçısı bildirib ki, Respublika Prezidenti İlham Əliyevin “2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 1 fevral 2023-cü il tarixli Sərəncamına əsasən bir qrup gənc Prezident mükafatçısı adına layiq görülüb. Mükafatlandırılanlar arasında həmyerlimiz, əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən olan Axundova Ülviyyə Süleyman qızı da var. Rayon rəhbəri gəncimizi təbrik edərək müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gələcək işlərində uğurlar arzulayıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini olduğu kimi davam etdirdiyinə və Azərbaycan gənclərinə verdiyi yüksək dəyərə, göstərdiyi qayğıya görə qazaxlı gənclər, eləcə də rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində bunun bir daha əyani şahidi olduğumuzu söyləyib. İcra başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbə əldə etməsində ordu sıralarında olan gənclərimizin Vətənə sevgisi, vətənpərvərlikləri qələbəmizin əsas amilinə çevrildi. Bu haqq savaşı bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə edilmiş, öz torpağı, Vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var. Biz fəxrlə deyirik ki, tarixi qələbəmizin əldə edilməsində əsas gücü, əsas vəzifəni məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetişən gənc nəsil yerinə yetirdi. Rayon rəhbəri yüzlərlə qazaxlı gəncin də 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərdiyini söyləyib. Döyüş zamanı 246 nəfər gəncin yaralandığını və 38 nəfər gəncin qəhrəmancasına şəhid olduğunu bildirib. 49 nəfər şəhiddən 38 nəfərin gənc olduğunu vurğulayıb. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədə 3 nəfər gənc hərbi qulluqçunun qəhrəmancasına şəhid olduğunu bildirib. Şəhidlərimizin ən gəncinin 18 yaşlı Vəliyev Anar Həmzə oğlu və 18 yaşlı Qurbanov Elçin Məcid oğlu olduğunu diqqətə çatdırıb. Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə gənc şəhidlərimizdən 5 nəfərin “Azərbaycan Bayrağı” ordeni, 1 nəfərin 3-cü dərəcəli “Rəşadət” ordeni, 1 nəfərin “Qarabağ” ordeni, 6 nəfərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni olmaqla, 145 müxtəlif adda medallarla təltif olunduğunu diqqətə çatdırıb. Azərbaycan xalqının, qazaxlıların şəhidlərimizlə fəxr etdiyini, onların əziz xatirələrinin hər zaman qəlbimizdə daim yaşayacağını söyləyib. İcra başçısı gənclərimizin Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti alqışladığını, bu siyasətin icrasında daim onun yanında olduqlarını vurğulayıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edərək həmin qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. Sonda gəncləri bir daha təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək gənclərə təbriklərini çatdıraraq onlarla ürək sözlərini bölüşüb. Bildirib ki, gənclik hər bir ölkənin gələcəyinin təməlidir. Gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi milli prioritet istiqamətlərdən sayılır. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. 1993-cü ildə Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2  fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş verdi  və özü də bu tədbirdə şəxsən iştirak etdi. 1 fevral 1997-ci ildə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər “2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. V.Nəbiyev Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərdiyini və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirdiyini söyləyib. Dövlətin, ölkə rəhbərinin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq məhz gənclərlə bağlı “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramlarının qəbul edilməsini göstərib. V.Nəbiyev qeyd edib ki, Azərbaycanın gənclər ordusu Prezident İlham Əliyevin arxasında sıx birləşərək hər gün yeni-yeni uğurlara, qələbələrə imza atır. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da aparılan abadlıq və quruculuq işləri məhz yeniyetmə və gənclərimizin işıqlı gələcəyinə xidmət edir. Respublikamızda aparılan uğurlu daxili və xarici siyasət rayonumuzda da uğurla davam etdirilir. Bu gün hər bir rayon gənci rayon rəhbərliyinin diqqət və qayğısını yaxından hiss edir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Tədbirlər Planı təsdiq olunmuş, Dövlət Proqramının əhatə etdiyi illər ərzində tədbirlər planının icrası təmin olunaraq milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq məqsədilə Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 390-dan çox tədbir həyata keçirilmiş, bu tədbirlərdə minlərlə gənc iştirak etmişdir.


Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ürək sözlərini çatdıraraq uğurlar arzulayıb. A.Nəbiyev qeyd edib ki, hər bir müstəqil dövlətin gələcəyi, inkişafı, çiçəklənməsi onun sağlam, milli, vətənpərvərlik ruhunda böyüyən gənc nəslindən daha çox asılıdır. Ölkəmizdə gənclərlə bağlı həyata keçirilən önəmli tədbirlər, imzalanan mühüm Fərman və Sərəncamlar Ulu Öndər, gənclərin himayədarı Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərin həyatında yeni dövrün başlandığını, bu məqsədlə mühüm addımlar atıldığını vurğulayıb. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Qazax Rayon Təşkilatının sədri kimi Ulu Öndərin rəhbərliyi altında keçirilən Forumlarda, Qurultaylarda, tədbirlərdə iştirak etdiyi üçün bu gün də özünü şanslı hesab etdiyini vurğulayıb. A.Nəbiyev bildirib ki, Ulu Öndərin, ölkə Prezidentinin diqqət və qayğısını hiss edən ölkə gəncləri hər zaman həmin qayğını doğrultmağa çalışdılar və bunu 44 günlük Vətən müharibəsində də bir daha sübut etdilər. Xalqımıza tarixi Qələbə, şanlı Zəfər bəxş etməklə onlara olan etimadı layiqincə doğrultdular. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. C.Hüseynova bildirib ki, cəmiyyətin gələcəyi, ölkənin etibarlı təminatı vətənpərvər, savadlı gənclərin fəaliyyətindən asılıdır. Müstəqilliyimizdən əvvəlki illərdə, hətta müstəqilliyin ilk illərində gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmaq belə mümkün deyildi. Çünki bəlli səbəblərdən gənclərimiz üçün ağır, təlatümlü gərgin dövrlər idi. Ölkəmizi təhlükələrə sürükləyən siyasi-iqtisadi problemlər üzündən Azərbaycanda gənclər siyasəti diqqətdən tam kənarda qalmış, gəncliyimiz nizamsız, pərakəndə topluma çevrilmişdi. Öz siyasi ambissiyaları naminə Azərbaycanı böhrana sürükləyən qüvvələr öz məqsədlərinin icrası üçün ilk növbədə gəncliyimizdən vasitə kimi istifadə edirdilər. Lakin müstəqillik əldə etdikdən sonra ölkəmizdə baş verən ictimai-siyasi hadisələr dəyişdi, yəni, milli-mənəvi prinsiplər formalaşdı. Gənclər qarşısında duran problemlər də, onların həlli yolu da dəyişdi. Gənclərin qarşısında böyük işıqlı yollar açılmağa başladı. Bu yolları fəth etmək üçün isə gənclərə dəstək lazım idi. Bu dəstək Heydər Əliyev tərəfindən ciddi və priortitet bir məsələ kimi aparacağı siyasətin əsası oldu. Gənclərlə iş sahəsində elə bir siyasətə başlanıldı ki, bu siyasət gəncliyin inkişafına, dövlətin inkişafına təkan verdi. Gənclərin dövlətimizi dünyada şərəflə, layiqincə təmsil etmələrində böyük rol oynadı. Ümummilli Lider 1993-cü ildə Parlamentin sədri seçildikdən sonra 15 sentyabrda gənclərlə görüşdü və ilk dəfə olaraq gəncliyin mövcud vəziyyəti, ölkənin gələcəyində gəncliyin təmsil olunmasının əsas prinsiplərindən müzakirə aparıldı. Daha sonra Milli Məclisdə gənclərlə görüşərək Azərbaycanın müstəqilliyinin ərazi bütövlüyünün, suverenliyinin qorunması uğrunda ölkə gənclərinin ayrı-ayrı siyasi partiya və qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər edilməsi, vahid gənclər siyasətinin işlənib hazırlanmasının zəruriliyini ortaya qoydu. Və bu görüşün müsbət nəticələri tezliklə özünü göstərdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1995-ci ildə Gənclər Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 1996-cı il fevralın 2-də Gənclərin Forumu keçirildi. 1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə gənclərlə görüş keçirildi və bu görüşdə Gənclər Günü haqqında Sərəncam imzalandı. Ümumilikdə, 1993- 2003-cü illərdə 43 dəfə gənclərlə görüş keçirildi. Məhz Heydər Əliyevin gərgin zəhmətinin nəticəsində ölkəmiz Avropa Şurasına daxil olmamışdan əvvəl Azərbaycan gəncliyi Avropa Şurasının Gənclər və İdman Departamentinin tam hüquqlu üzvü oldu. C.Hüseynova qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulan, başlıca məqsədi milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşması və bu gəncliyin potensialından dövlətin inkişafı, qüdrətlənməsi naminə istifadə olunmasını təşkil edən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən sistemli və ardıcıl şəkildə davam etdirilir. Bu ilin “Heydər Əliyev İli“ elan edilməsi təbii ki, bizim qarşımıza yeni vəzifələr qoymuşdur. Təbii ki, Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bugünkü gənclər siyasəti, təhsil, elm, səhiyyə, mədəniyyət sahəsindəki uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.


Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının sədr müavini Elşad Əliyev çıxış edərək gəncləri təbrik edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də Onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Ulu Öndər tərəfindən, bu gün isə Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən gəncliyə göstərilən dövlət qayğısı, gənclərlə bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlardır. Nə xoş biz Azərbaycan gənclərinə ki, bu gün də dövlətimiz biz gənclərə xüsusi diqqət və qayğı göstərir.


Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva da öz növbəsində gəncləri təbrik edib, səmimi arzularını bölüşüb. E.Əfəndiyeva bildirib ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.


Gəncləri əlamətdar gün münasibətilə təbrik edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev bu tarixi günün əhəmiyyətindən, gənclərin həyatındakı rolundan söz açıb. Rəhbərlik etdiyi İctimai Birliyin, eləcə də bir çox QHT-lərin formalaşmasında, yaradılmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olduğunu qeyd edib. Laçın-Xankəndi yolunda keçirilən aksiyadan söz açan A.Əliyev özü ilə birgə təşkilatın 3 nəfər üzvünün həmin aksiyada iştirak etdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin onlara olan qayğısını hər zaman yüksək qiymətləndirən gənclərin bu gün də həmin qayğının əvəzini öz əməli işləri ilə qaytarmağa çalışdıqlarını söyləyib. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasında iştirak edən zaman bunun şahidi olduğunu qeyd edib. Gənclərin həmin aksiyaya ruh yüksəkliyi ilə qatıldıqlarını və bu gün də fəallıq nümayiş etdirdiklərini qeyd edib. 


Ehtiyatda olan gizir, III dərəcəli Vətən müharibəsi əlili, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmiş qazi Famil Yusubov çıxış edərək bildirib ki, şanlı ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. Bu müharibənin milli dövlətçilik tariximizdəki müstəsna rolu nəzərə alınaraq ölkə Prezidentinin müvafiq sərəncamları ilə müharibənin başlandığı 27 sentyabrın Anım Günü, müharibənin gedişində dönüş nöqtəsi sayılan Şuşanın azad olunduğu 8 noyabrın - Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunması qərara alındı. Bu tarixi Zəfər eyni zamanda Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi. Bu siyasətin banisi isə Ulu Öndər Heydər Əliyev idi. Ulu Öndərin gənclər siyasətinin amalı xalqımızın əsrlər boyu yaratdığı və qoruyub inkişaf etdirdiyi milli-mənəvi dəyərlər əsasında, müstəqil dövlətçilik, milli azadlıq və onların qorunması, Vətənçilik-azərbaycançılığın inkişaf etdirilməsi uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət idi. Heydər Əliyev gəncləri müstəqil Azərbaycanın gələcəyi hesab edirdi. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı Prezidentin  özünün də qeyd etdiyi kimi, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimiz, əsgər və zabitlərimizə firavan həyat diləyirəm. 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzu edirəm.


Fəal gənc, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının sədri, "Mən güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinin rəhbəri Pəri İbrahimova çıxış edərək gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edib, onlara ölkəmizin həyatında həmişə fəal olmağı, tarixində sözün yaxşı mənasında izlər qoymağı arzulayıb. Keçən il Azərbaycan Gəncləri Gününü Prezidentin iştirak etdiyi, Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş böyük bir forumda iştirak edərək Qazaxımızı təmsil etmək şansı qazandığını söyləyib. Prezidentin həmin görüşdə gəncləri ölkənin həyatında, dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştiraka çağırdığını, gənclərin cəmiyyətdə olan xüsusi rolunu vurğulayaraq, bir daha onlara diqqət və qayğısını göstərdiyini söyləyib. Fəal gənc bildirib ki, Ümummilli Lider Heydər Əliyev biz gənclərin qəlbində ölkəmizdə gənclər siyasətinin banisi kimi həkk olunub. Məhz onun uzaqgörən siyasətinin nəticəsi olaraq, bu gün respublikamızın intellektli, savadlı, dünyagörüşü mükəmməl olan hər bir gənci öz karyeralarını inkişaf etdirməklə bərabər, eyni zamanda, Vətənimiz Azərbaycanın daxili və xarici siyasətində, iqtisadiyyatında, sosialyönümlü məsələlərində də yüksək şəkildə iştirak edirlər. Respublika Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. Günümüzdə gənclər siyasəti keyfiyyətcə yeni və fərqli bir mərhələdə inkişaf edir. Bu sahədə ardıcıl və davamlı layihələr həyata keçirilir. Özünü inkişaf etdirmək istəyən gənclər isə qarşılıq olaraq yaradılmış bu fürsətlərdən məharətlə istifadə edərək ölkə adına böyük işlər görməlidir. Ölkə başçısının, rayon rəhbərliyinin qayğısını hər zaman hiss etdiyini qeyd edən gənc onların təkliflərini, istəklərini anında reallaşdırdığı üçün təşəkkür edib. Sonda gənclərə 2023-cü ildə böyük uğurlar və Azərbaycanın inamlı gələcəyinin quruluşunda fəal iştirakçılıq arzu edib. 


İctimai fəal gənc Ülvi Zeynalov çıxış edərək ürək sözlərini bölüşüb. Qeyd edib ki, təqdirəlayiq haldır ki, Azərbaycan gəncliyi və bu gəncliyin aparıcı qüvvəsi olan Qazax gəncləri dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edərək ölkəmizin daha da inkişaf etməsi və güclənməsində fəal iştirak edir, dövlətçilik ənənələrini uca tutur, bütün sahələrdə aparılan çoxşaxəli islahatlara və təşəbbüslərə dəstək verir. Müstəqil Azərbaycanda dövlətin gənclər siyasəti onların vətənpərvərlik, dövlətçilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, milli-mənəvi, eyni zamanda, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının artırılması kimi vacib məsələləri özündə ehtiva edir. Azərbaycan gəncliyi öz fəaliyyətində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq ölkəmizin tərəqqisi naminə böyük əzmlə çalışır. Heç şübhəsiz bütün bunların kökündə ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şərait, dövlətin çoxşaxəli gənclər siyasəti durur. Bildirib ki, Qazax gəncləri harada yaşamasından asılı olmayaraq öz bilik və bacarıqlarını artırmaqla yanaşı, asudə vaxtlarında xeyirxah işlərin iştirakçısı olaraq hər bir Azərbaycan gənci kimi bu fəaliyyəti böyük şərəf hesab edirlər.


Fəal gənc Vidadi Nuruyev çıxışı zamanı bildirib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Gənclərə göstərilən dövlət siyasətinin kökündə Ulu Öndər Heydər Əliyev siyasəti və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin ideyaları durur. Azərbaycan dövləti hər zaman biz gənclərin yanında olacaq. Bizim uğurlarımıza bütün xalqımız sevinir, bütün uğurlar yüksək səviyyədə qiymətləndirir və qiymətləndiriləcəkdir.

Sonda “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ictimai fəaliyyətində fərqləndiklərinə görə deputat köməkçisi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Əmirov Akif İlham oğluna, III dərəcəli Vətən müharibəsi əlili, Respublika Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmiş ehtiyatda olan gizir Yusubov Famil Kamil oğluna, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş mütəxəssis İsgəndərova Fəridə Taryel qızına, Qazax Rayon Gənclər və İdman İdarəsində məsləhətçi Balcanov Osman Əli oğluna, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının sədri, ictimai fəal gənc İbrahimova Pəri Vidadi qızına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub. Həmçinin, rayonun ictimai-siyasi həyatında, təhsilin inkişafında və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə Əməkdar müəllim Ələkbərova Bəsdi İbrahim qızı da Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.


GOYEZEN.AZ              


Geri qayıt