Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Çin və Azərbaycan yaxşı dostlardır”

Prezident İlham Əliyev: “Çin və Azərbaycan yaxşı dostlardır”


23-01-2023, 10:11

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə böyük Qələbə və şanlı Zəfərlə yazıldı. Azərbaycan dövləti qalib ölkə kimi dünya dövlətləri arasında bu gün də öz sözünü deməkdədir. Artıq hər gün xalqımızın yaddaşında, dövlətimizin tarixində əlamətdar hadisələrlə yadda qalır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Cari ilin 17 yanvar tarixi Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi ilə yadda qaldı. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər Azərbaycan və Çin dövlətləri arasında olan münasibətlərin hansı müstəvidə olmasını bir daha nümayiş etdirdi. 

Etibarlı münasibətlərdən söz açan ölkə başçısı bildirdi ki, Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur.

Bəli, qarşılıqlı hörmətin rəmzidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.

Dövlət başçısı bildirdi ki, əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

Ölkə rəhbəri vurğuladı ki, iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.

Perspektiv əməkdaşlıq əlaqələrindən danışan ölkə Prezidenti qeyd etdi ki, Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.

Ölkə başçısı müsahibə zamanı Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu da diqqətə çatdırdı. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.

Dövlət başçısı bildirdi ki, Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.

Ölkə Prezidentinin də qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı.

Ölkə rəhbəri dəmir yolu infrastrukturuna geniş investisiya yatırıldığını da vurğuladı. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan əlavə sərmayə yatırır.

Ölkə başçısının da söylədiyi kimi, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.


Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.

Ölkə başçısı müsahibə zamanı Azərbaycanın Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətində də olduğunu qeyd etdi. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir.

Dövlət başçısının vurğuladığı kimi, bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var.

Bu gün qürurla söyləyə bilərik ki, Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib. Prezident İlham Əliyevin dövlət siyasəti nəticəyönlüdür.

Dövlət başçısının da söylədiyi kimi, yalan vədlərə əsaslanan seçki kampaniyaları uğura gətirib çıxarmayıb. İnsanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. 

Açıq siyasətə gəlincə Prezident İlham Əliyev hər zaman planlarla bağlı insanlarla məsləhətləşir və açıq kommunikasiya kanalı yaradır.

Prezident İlham Əliyevin hər il regionlara təxminən 30-40 səfəri təşkil olunur. Səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.

Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir.

Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq.

Bəzi ölkələrin ambisiyaları və öz potensialının düzgün hesablanmaması etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz.

Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür.  Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi səyləri yüksək qiymətləndirilib. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb.

Prezidentin də söylədiyi kimi, böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər.

1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıblığın nə olduğunu yaxşı bildiyi üçün digər ölkələrə kömək əlini uzatdı. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 

Qlobal liderlik rəqabət mühitində sübut olunur. Silahlar yerə qoyulmalı və diqqətlər bəşəriyyətin üzləşdiyi problemlərə yönəlməlidir – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu qlobal miqyasda edir. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur.

Ölkə Prezdenti İlham Əliyevin vurğuladığı kimi, Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır – artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Çin hökuməti qlobal məsuliyyəti dərk edir.

GOYEZEN.AZ


Geri qayıt