Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı ölkə ərazisində aşkarlanan qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda görülmüş işlərlə tanış olub

İcra başçısı ölkə ərazisində aşkarlanan qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda görülmüş işlərlə tanış olub


19-01-2023, 23:36


Məlumat üçün qeyd edək ki, qonşu dövlətlərdə yayılmış, bir çox kənd təsərürfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) respublikamızın 8 rayonu üzrə 34 məntəqədə aşkarlanıb və növbəti illərdə ölkə ərazisində geniş yayılması riski yüksəkdir.


Onu da qeyd edək ki, qəhvəyi mərmər bağacığı təhlükəli zərərverici olub, 300-dən çox bitki ilə qidalanır ki, onlardan 113-ü Azərbaycan florasında mövcuddur. Zərərverici kənd təsərrüfatı bitkilərinin, xüsusən də fındıq, qarğıdalı, tumlu və çəyirdəkli meyvə bitkilərinin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salaraq 90%-ə qədər məhsul itkisinə səbəb ola bilir. Zərərverici əsasən yaz-yay mövsümündə uçmaqla, payız-qış mövsümündə isə sığınacaq yerləri olan qablaşdırma və nəqliyyat vasitələri ilə ərazilərə yayılır. Bununla əlaqədar olaraq ölkə ərazisində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, mövcud yayılmanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamının icrası ilə əlaqədar “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir.


“Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın koordinasiyalı icrasını təşkil etmək məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndlərinin iştirakı ilə Qazax-Tovuz bölgəsində Regional Əlaqələndirmə Mərkəzinin 13 yanvar 2023-cü il tarixdə Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən müşavirədə səslənən tapşırıqların icrası istiqamətində işlərə başlanılıb.  

14 yanvar 2023-cü il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq məqsədilə Qazax rayonunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində avtovağzal ərazisinə, Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postuna (tır parkına) və “Balıq” kafesinə baxış keçirilib. Həmin gün “Balıq” kafesində qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işləri aparılıb.


Yanvarın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov və digər aidiyyəti şəxslərlə birlikdə İkinci Şıxlı kəndində olub. Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri və dezinfeksiya işləri ilə maraqlanıb.

Rayon rəhbərliyinə görülmüş işlər barədə məlumat verilərək gün ərzində “Sınıq Körpü” Buraxılış Məntəqəsindən ölkə ərazisinə daxil olan yük maşınlarında dezinfeksiya işlərinin aparıldığını bildiriblər.

Rayon rəhbərliyi qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin, yük maşınları ilə bağlı verilən tapşırıqların ciddi nəzarətə götürülməsini qeyd edib, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

GOYEZEN.AZ


Geri qayıt