Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda şair Cavanşir Rüstəmin yaradıcılığına həsr olunmuş “Ana laylam, beşik daşım, mənə cənnət Vətənimdir!”adlı tədbir keçirilib
Qazaxda şair Cavanşir Rüstəmin yaradıcılığına həsr olunmuş “Ana laylam, beşik daşım, mənə cənnət Vətənimdir!”adlı tədbir keçirilib22-12-2022, 20:17 |
Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb hər zaman. Tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Dekabrın 22-də söz, sənət mülkünün beşiyi sayılan Qazaxda daha bir şairimizin – rayonun Kosalar kəndində dünyaya göz açan, yazıb-yaradan, “Qızıl qələm” mükafatı laureatı Cavanşir Rüstəmin yaradıcılığına həsr olunmuş “Ana laylam, beşik daşım, mənə cənnət Vətənimdir!” adlı tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şair Cavanşir Rüstəmin sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verən insanlar onun ünvanına səmimi ürək sözlərini çatdırıb, xoş arzularını səsləndiriblər. Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, mədəniyyət işçiləri, şairin qohumları, ailə üzvləri, ziyalılar, Kosalar kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı Gülanə Hüseynova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, bugünkü görüşün, keçirilən tədbirin Cavanşir Rüstəm yaradıcılığına verilən ən böyük qiymət və töhfə olduğunu söyləyib. Sonra şair Cavanşir Rüstəmin yaradıcılığına həsr olunmuş video-sujet təqdim olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şair Cavanşir Rüstəmin ünvanına səmimi ürək sözlərini çatdırıb. Tədbirdə iştirak edən hər kəsə öz adından və şairin ailəsi adından razılığını ifadə edib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən saz-söz adamlarına, şairlərə, ziyalılara hər zaman qayğı ilə yanaşdığını, onların yaradıcılığına böyük dəyər verdiyini, doğum günlərinin, kitab təqdimatlarının, yaradıcılıq gecələrinin keçirildiyini, ilk gündən əsası qoyulan ənənənin bu gün də davam etdirildiyini qeyd edib. Şair Cavanşir Rüstəm haqqında fikirlərini bölüşən icra başçısı onun elinə, obasına bağlı bir insan olduğunu, bunu onun qələmə aldığı şeirlərdən də görmək mümkün olduğunu söyləyib. Vətənə olan sevgisini, vətənpərvərliyini yazdığı şeirlərində, söylədiyi fikirlərdə aydın şəkildə əks etdirdiyini vurğulayıb. 44 günlük Vətən müharibəsindən sonra şəhidlərimizə, qazilərimizə, işğaldan azad olunmuş torpaqlarımıza həsr etdiyi şeirlərlə Vətənə olan sevgisini bir daha nümayiş etdirdiyini qeyd edib. Dəyərli müəllim, ziyalı kimi pedaqoji təcrübəsindən istifadə edərək hər zaman təhsilin inkişafına öz töhfəsini verdiyini bildirib. İcra başçısı sonda bir daha şair Cavanşir Rüstəmə cansağlığı, ailə səadəti, yeni yaradıcılıq uğurları, daim yazıb-yaratmağı arzulayıb.
“Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Tərəqqi” medallı şair-publisist Elçin İsmayıl çıxış edərək tədbir iştirakçılarını salamayıb, şairlərə, yazarlara verilən dəyərdən, göstərilən qayğıdan söz açıb. “Şairin diqqətə, qayğıya ehtiyacı var. Rayon rəhbərliyi tərəfindən keçirilən bu cür tədbirlər, kitab təqdimatları, yaradıcılıq gecələri şairlərə olan hörmət və ehtiramın ifadəsidir”, - deyən E.İsmayıl bugünkü tədbirin həmin ənənənin davamı olduğunu qeyd edib. E.İsmayıl Qazaxda rayon rəhbərliyi tərəfindən kitab yazılması ənənəsinin qoyulduğunu bildirərək buna misal olaraq özünün qələmə aldığı Bağanıs Ayrım kəndinə həsr etdiyi “İlk şəhid kənd”, Xalq yazıçısı İsmayıl Şıxlıya həsr etdiyi “Dəli Kür ömrü”, 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qanları ilə dastan yazanlar”, Vətən müharibəsi şəhidləri “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun xatirəsinə yazılmış “Yarımçıq qalmış şeir dəftəri”, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xatirəsinə yazılmış “Adını tarixə yazdı” kitablarını nümunə göstərib. Yaradıcı insanların yubileylərinin, kitab təqdimatlarının keçirilməsinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şair Cavanşir Rüstəmin vətənpərvərliyindən danışan natiq onun qələmə aldığı iki şeirindən birinin mütləq Vətənə həsr olunduğunu vurğulayıb. “Cavanşir Rüstəmi tanımaq üçün onunla həmsöhbət olmaq, şeirlərini oxumaq kifayətdir”, - deyən E.İsmayıl şairə həsr etdiyi şeirini səsləndirib, ona yeni-yeni şeirlərlə oxucularını sevindirməyi arzulayıb və bu yolda uğurlar diləyib. Şairin Bakıda yaşayan dostlarının təbriklərini çatdıran və hədiyyəsini təqdim edən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tədris işləri üzrə direktor müavini Vüqar Eyyubov səmimi ürək sözlərini bölüşüb. Məktəbdə ona dərs deyən bir müəllim kimi hər zaman hörmətini saxladığını, şagirdlərinə daim vətənpərvərliyi aşıladığını, layiqli vətəndaş, şəxsiyyət kimi formalaşması üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. Aşıq Samir Cəlaloğlu şairin “Oğullar” şeirini səsləndirərək şair Cavanşir Rüstəmə, onun yaradıcılığına olan ehtiramını bildirib. Şairə Afət Telmanqızı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara, şeirə, sənətə, şairə göstərilən diqqətə, qayğıya görə minnətdarlığını bildirib. Cavanşir Rüstəm yaradıcılığı ilə yaxından tanış olan şairə onunla bağlı xatirələrini, fikirlərini bölüşüb. Şair Cavanşir Rüstəmə həsr etdiyi yeni şeiri ilə ona təbrikini çatdırıb. Aşıqlar Birliyinin zona filialının rəhbəri Aşıq Camoy Qurbanov “Hüseyni” saz havası ilə tədbirə toplaşanların könlünü oxşayıb. SSRİ idman ustası, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Ramiz Tağıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şairin ünvanına xoş arzularını çatdırıb. Tədbirin təşkilində əməyi olan insanlara minnətdarlığını bildirib. Yaradıcı insanlara verdiyi qiymətə, dəyərə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, yetişməsində bu cür kütləvi tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. Aşıq Şahin Süleymanov “Yanıq Kərəm” aşıq havası ilə tədbirə toplaşanlara xoş ovqat bəxş edib. Qələm dostunun görüşünə gəlmiş, Qaymaqlı kənd folklor evinin müdiri, sazın-sözün məkanı, incə dərəsində yazıb yaradan şair Kazım Kazımlı çıxış edərək tədbirə toplaşanları salamlayıb, ürək sözlərini bölüşüb. Qərbin qapısı sayılan, sazın-sözün beşiyi, aşıqların Vətəni olan Qazax torpağının Azərbaycan ədəbiyyatına Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, Mirvarid Dilbazi, İsmayıl Şıxlı və adını qeyd etmədiyi digər söz sərraflarını bəxş etdiyini söyləyib. Bu gün həmin söz ustadlarına, onların yaradıcılıqlarına ehtiram göstərən söz adamlarından birinin də Cavanşir Rüstəm olduğunu bildirib. Cavanşir Rüstəmin əlinə qələm aldığı vaxtdan xalqın şairi olduğunu qeyd edən natiq ona yeni yaradıcılıq uğurları arzulayıb. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qaymaqlı kənd folklor evinin müdiri Kazım Kazımlıya Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib. Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Sarif Vəliyev “Ana” muğamı ilə tədbirə toplaşanlara kövrək anlar yaşadıb. Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkil olunmasında əziyyəti keçən hər kəsə təşəkkür edib. Şair Cavanşir Rüstəmlə bağlı xatirələrini bölüşərək həmkəndlisi kimi onunla eyni orta məktəbdə təhsil aldığını söyləyib. Şair Cavanşir Rüstəmin qələmə aldığı şeirlərində Vətənə olan sevgisi, elə-obaya olan bağlılığı ilə gənclərə hər zaman örnək olduğunu, onları vətənpərvərliyə ruhlandırdığını qeyd edib. Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Səməd Mehdiyev, Təhminə İsmayılova, Məryəm Mahmudova şairin şeirinə hazırlanmış səhnəciklə tədbirə daha bir rəng qatıblar. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ürkməzli kənd Sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova tədbir iştirakçılarını salamlayaraq ürək sözlərini bölüşüb. Şair Cavanşir Rüstəmə həsr etdiyi şeiri səsləndirərək ünvanına xoş sözlər söyləyib. Nurlan Kərimov “Naxçivani” saz havası ilə şairə olan təbrikini çatdırıb. İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin şagirdi Xədicə Qasımlı isə şairin “Şəhidlər” şeirini səsləndirib. Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək Cavanşir Rüstəmin şagirdi kimi onun yaradıcılığına həsr olunmuş tədbirdə iştirak etməyin məmnunluğunu yaşadığını qeyd edib. Təhsilin, elmin beşiyi sayılan Qazaxın bu gün möhtəşəm tədbirlərə ev sahibliyi etdiyini qeyd edən natiq bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu söyləyib. Bu cür tədbirlərin gənclərdə, ali təhsil ocaqlarında təhsil alan tələbələrdə, məktəbdə oxuyan şagirdlərdə vətənpərvərlik hissinin aşılanmasında mühüm rol oynadığını qeyd edən natiq tədbirin təşkilində əziyyəti olan hər kəsə təşəkkür edib. “Cavanşir Rüstəmin şeirləri o qədər ürəyə yatan şeirlərdir ki, həmin şeirləri oxuyan hər kəs özününkü hesab edir. Cavanşir müəllim hansı mövzudan yazırsa yazsın bütün şeirlərində səmimiyyət var. Necə ki, özü həyatda səmimi insandır. Nə şanslı insanam ki, Cavanşir müəllimin şagirdi olmuşam”, - deyən M.Yusifov şairə gələcək yaradıcılığında yeni uğurlar arzulayıb. Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin müəllimləri Elvin Səfərov, Pərviz Hüseynov mərhum şair Həvəskarla şair Cavanşir Rüstəm arasında olan “Deyişmə”ni təqdim ediblər. İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə fəaliyyət göstərən Uşaq Gənclər İnkişaf Mərkəzinin ədəbi diyarşünaslıq dərnəyinin üzvü Məryəm Süleymanlı “İgid əsgərlər” şeirini səsləndirib. Şairin nəvəsi, adını daşıyan Cavanşir Rüstəmli “Qazaxlılar” şeirini saz havası ilə səsləndirərək babasını təbrik edib.
Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin şagirdi Pəri Mansırlı şairin Polad Həşimova həsr etdiyi şeirini səsləndirib.Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin tələbələrindən Allahverdi Süleymanov, Fidan Osmanova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrindən Şücayət Mahmudova, Zülfiyyə Əmirova, Aybəniz Məmmədova şairə suallar ünvanlayaraq onun dəyərli fikirlərini öyrənib, bu cür tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Sonda şair, ağsaqqal Cavanşir Rüstəm çıxış edərək onun yaradıcılığına verilən qiymətə, dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirin təşkilində əməyi keçən insanlara sonsuz təşəkkürünü çatdırıb. Qeyd edək ki, 1951-ci ildə Qazaxın qədim ellərindən olan Kosalar kəndində anadan olan Cavanşir Rüstəmin həyatı demək olar ki, doğma kəndi ilə bağlı olmuşdur. O, orta təhsil alıb hərbi xidmətdən qayıtdıqdan sonra M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1975-ci ildə ali təhsilini başa vuraraq müəllim kimi işləməyə başlamışdır. Cavanşir Rüstəm 3 il Qazaxın Pirili kəndində müəllim işlədikdən sonra Kosalar kəndində əmək fəaliyyətini davam etdirmiş, təqaüdə çıxana qədər – 2016-cı ilə kimi, düz 38 il bu təhsil ocağında gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Çalışdığı müddət ərzində dəfələrlə Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanlarını almış, “Əmək veteranı” adına layiq görülmüşdür. Cavanşir Rüstəmin bir şair kimi yaradıcılıq yolu daha zəngin, əhatəli və genişdir. Bədii yaradıcılığa gənclik illərindən başlayan Cavanşir Rüstəm “Göyəzən” və “Ocaq” qəzetlərində dərc olunan elə ilk şeirlərindən oxucuların diqqətini özünə cəlb etmiş, zaman-zaman püxtələşərək poeziyanın uca zirvələrinə yüksəlmişdir. Cavanşir Rüstəm qələmə aldığı bütün mövzularda insanın qəlbini fəth etməyi bacarır, oxucunu poetik bir aləmə apararaq onun ruhunu oxşaya bilir. O, tanrıya, yerə, göyə, təbiətə, həqiqətə bağlı şairdir. Cavanşir Rüstəmin şeirləri olduqca oxunaqlı və təbiidir. Ona görə təbiidir ki, şair qoynunda yaşadığı təbiəti yaxşı duyur, təsvir edir, düşünür və düşündürür. Dağın, daşın, gülün, çiçəyin, ümmanın, dəlisov dağ çayının, qəlb oxşayan küləyin, insanın mənəvi dünyasının, sevgisinin səsini dinləmək, onu hamını sehrləyən poeziyaya çevirmək Cavanşir Rüstəm şeirinin gözəlliyidir. O, hay-küyçülükdən, şüarçılıqdan, süni, yaşanmamış duyğuların tərənnümündən uzaqdır. Şairin cəmi bir neçə şeiri ilə tanış olmaq bəs edir ki, onun poeziyasının dərinliyini və böyük məna kəsb etdiyini görüb inanasan. Cavanşir Rüstəmin şeirlərinin laylasını doğulub boya-başa çatdığı kəndin mehi, çayı, bulağı çalıb. Lakin o, təkcə bu kəndin gözəlliklərini tərənnüm etməklə, onları qələmə almaqla işini bitmiş hesab etməyib, Vətəni, bütövlükdə dünyamızın gözəlliklərini vəsf edib, yaşadığı duyğuları şeirə çevirərək yaşayıb. Ona görə də istedadı, zəngin həyat təcrübəsi, fəlsəfi təfəkkürü ilə çoxlarından seçilən şairin özünəməxsus fərqli düşüncələri yetərincədir. O, öz şeirlərində yalnız dövrünün əhval-ruhiyyəsini, problemlərini deyil, bütöv halda dünyanın yaşantılarını əks etdirib. Müasir insanı düşündürən elə bir problem yoxdur ki, bütün çalarları və incəlikləri ilə onun yazdığı poetik parçaların mövzusu olmasın. Cavanşir Rüstəmin poeziyası bir tərəfdən milli-mənəvi dəyərlərimizə bağlıdırsa, digər tərəfdən yurd – Vətən sevgisi haqqındadır. Şair insanın varlığını Vətənlə bağlayır, yaşadığı doğma torpağı, bütövlükdə isə Vətən torpağını Tanrının adı qədər müqəddəs sayır. Bu yüksək, ali duyğuları qələmə aldığı üçün Cavanşir Rüstəmin poeziyası oxucunu özünə bağlaya bilir, onu qəhrəmanlıq duyğu və düşüncələrinə yüklədir. Ən maraqlısı odur ki, o, bu duyğuları təsirli şəkildə, sadə xalq dilində, hamının anlayacağı tərzdə qələmə alır. Adi sözlər Cavanşir Rüstəmin qələmində yeni məna çalarları qazanaraq uğurlu poeziya nümunələrinə çevrilir. Böyük vətənpərvərlik duyğusu ilə yaşayan, xalqı birliyə, düşmənlə mübarizəyə səsləyən, bu yolda özü də Səməd Vurğunun sözləri ilə desək, “Müsəlləh əsgər olan” Cavanşir Rüstəm 44 günlük Vətən müharibəsində də öz sözünü demiş, nümunə olacaq şeirləri ilə söz ordusunun ön sıralarında dayanmışdır. Onun vətənpərlik ruhunda yazdığı şeirlərə mahnılar bəstələnmiş, respublikamızın tanınmış müğənniləri tərəfindən ifa olunaraq televiziya kanallarında nümayiş etdirilmişdir. 50 ilə yaxın yaradıcılıq yolu keçmiş Cavanşir Rüstəm ayrı-ayrı illərdə çap olunmuş “Dərdim saçlarımda cücərib mənim”, “Hər ürəyə köçmərəm mən”, “Pəncərəmi döyür bahar”, “Söz mənim yox, Allahındır”, “Vətən sevgisi” və nəhayət “Ömrün payızı” adlı kitabların müəllifidir. Yüksək yaradıcılıq nailiyyətlərinə, müxtəlif almanax, jurnal və qəzetlərdə mütəmadi olaraq dərc edilmiş şeirlərinə görə “Qızıl qələm” mükafatı ilə təltif olunmuşdur. GOYEZEN.AZ Geri qayıt |