Əsas Səhifə > Manşet / Rəsmi > Dekabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüş Kosalar kəndində olub

Dekabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüş Kosalar kəndində olub


1-12-2022, 20:30

Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara göstərdiyi qayğı hər bir sahədə özünü göstərir. Ən əsası da ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları, vətəndaş məmnunluğunun əsas götürülməsi barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Və bu, hər bir dövlət məmuru üçün örnəkdir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən 2022-ci ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin yenidən bərpa olunması da məhz bu məqsədə xidmət edir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı şəkildə olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.


Dekabr ayı üzrə keçirilməsi nəzərdə tutulan ilk səyyar görüş Kosalar kənd sakinləri ilə olub. Dekabrın 1-də Qazax Rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan söz açılıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bu il üzrə ikinci dəfə keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı son illər ölkə Prezidentinin rəhbərliyi altında respublikamızın bölgələrində aparılan quruculuq işlərinin Qazaxda da geniş miqyas aldığını bildirib. Ən əsası da quruculuq işlərinin təkcə şəhərdə deyil, rayonun kəndlərində də həyata keçirildiyini qeyd edib. 

Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu söyləyib. Rayon rəhbəri bu gün həmin təmirli yollar sırasında Kosalar yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi bildirib. 


İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan üçünün məhz Kosalar kəndində olduğunu vurğulayıb.  

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşası, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. 


İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı evin təmir olunması, qəbirüstünün bərpa edilməsi təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymət və dəyərdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.


2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə qızıl hərflərlə yazıldığını qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində Kosalar kəndindən 91 nəfərin iştirak etdiyini, onlardan 72 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 5 nəfər şəhid verdiyini, 3 nəfərin isə müharibə əlili olduğunu söyləyib. 44 günlük savaşda iştirak edən igid oğullarımızdan 2 nəfərin müharibə əlili olduğunu bildirib. Bütün şəhidlərimizin xalqımızın, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə, qazilərimizə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Kosalar kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib. Bu gün Kosalar kəndində optik internet xəttinin çəkilişi ilə bağlı işlərin yekunlaşmaq üzrə olduğunu söyləyib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 69 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi, 2 nəfərin Vətən müharibəsi əlili, 16 nəfərin müharibə iştirakçısı, 49 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Son illər rayonun bütün kəndlərində olduğu kimi, Kosalar kəndində də subartezian quyusunun qazıldığını, bu gün kənddə 21 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib.

Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.


"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

Kənd sakinlərindən Əməkdar məşqçi Tariyel Nəsibov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair Cavanşir Rüstəm onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini dilə gətiriblər. Son illər rayonda, eləcə də Kosalar kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Kənddə 3 uşaq bağçasının yüksək səviyyədə təmir olunmasını, yeni asfalt yolun çəkilməsini, məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, məktəbin həyətində güləş zalının tikilməsini, eləcə də aparılan bütün quruculuq işlərini bu gün də yüksək qiymətləndirdiklərini vurğulayıblar. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Nəsibov Tariyel Əjdər oğlunun kənddə 16 ədəd qəzalı vəziyyətdə olan elektrik dayağının yenisi ilə əvəz edilməsi, Rüstəmov Cavanşir Hüseyn oğlunun Kosalar kəndi ərazisində salınmış “Aydınlılar” adlanan məhəllədə 300-ə yaxın ailənin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni transformatorun qoyulması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

GOYEZEN.AZ


Geri qayıt