Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda "Şuşa İli" çərçivəsində elmi konfrans keçirilib

Qazaxda "Şuşa İli" çərçivəsində elmi konfrans keçirilib


29-11-2022, 10:42

Respublika mətbuatı Qazax haqqında


Qazaxda Elm və Təhsil Nazirliyinin, Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə "Şuşa - dünən, bu gün, sabah" mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Konfransı giriş sözü ilə Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov açaraq diqqətə çatdırmışdır ki, 2020-ci il sentyabrın 27-də başlayan  Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşçülərimizin cəsurluğu sayəsində  Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edildi: "Noyabrın 8-də fəxr və qürur yerimiz olan Şuşanın azad olunması ilə xalqımızın yaddaşına Zəfər Günü yazıldı. O Zəfər Günü ki, bizim əbədi bayramımız kimi hər zaman qürurla qeyd olunacaq". Prezident İlham Əliyevin imzaladığı "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" 7 may 2021-ci il və "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" 5 yanvar 2022-ci il tarixli sərəncamlarının əhəmiyyətindən söz açan A.Rüstəmov demişdir ki, bu sərəncamlar bir daha onu göstərir ki, Şuşa bizim üçün nə qədər əziz, doğma, böyük əhəmiyyəti olan bir şəhərdir. "Şuşa - dünən, bu gün, sabah"  mövzusunda keçirilən Respublika Elmi Konfransı da məhz "Şuşa İli" çərçivəsində keçirilən tədbirlərdən biridir. 

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək alınmaz qala sayılan Şuşanı iki il əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını qeyd etmiş, 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncamın əhəmiyyətindən danışmışdır. Diqqətə çatdırmışdır ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır: "Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, eləcə də ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə silinməz səhifələr yazmışdır". 

Konfransda o da vurğulanmışdır ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 

Həmçinin xatırlanmışdır ki, strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələri dağıdılmışdır. Nəhayət, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etmişdir. Bildirilmişdir ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddət ərzində Şuşanın Baş planı hazırlanmış, şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılmış, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları olmuşdur. Cıdır düzündə ənənəvi "Xarıbülbül" Musiqi Festivalının keçirilməsi də göstərir ki, Şuşa tezliklə dirçələrək əvvəlki həyatına qovuşacaq.

Sonra konfransda Bakı Dövlət Universitetinin Qazax filialının dosenti İmaş Hacıyevin "Şuşada maarifçilik ənənələri", filialın baş müəllimi Ülviyyə Bayramovanın "Şuşanın tarixi və tarixi missiyası", AMEA-nın Gəncə Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun "Şuşa İli", Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadənın "XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşa qəzasının bəzi kənd məktəbləri haqqında" mövzularında məruzələri dinlənilmişdir.    

Konfrans öz işini "Şuşa: 270 ilə tarixi ekskursiya. Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu", "Şuşanın təhsil və maarifçilik ənənələri", "Şuşanın Azərbaycanın ədəbi irsində yeri", "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi" mövzularını əhatə edən bölmə iclaslarında davam etdirmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"
 qəzetinin bölgə müxbiri

29 noyabr 2022-ci il, səhifə 10



Geri qayıt