Əsas Səhifə > Manşet / Rəsmi > 25 noyabr tarixini kəlbəcərlilər bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar

25 noyabr tarixini kəlbəcərlilər bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar


25-11-2022, 22:29


Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan 2020-ci il illər keçsə, qərinələr ötsə belə hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 

2020-ci ilin 25 noyabr günü həm xalqımızın, həm də kəlbəcərlilərin yaddaşına əbədi həkk olunan bir gündür. Çünki noyabrın 25-i  Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 2 il ötür. Həmin tarixi günü kəlbəcərlilər bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub. Artıq kəlbəcərlilər rayonun 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi - 25 noyabrı qeyd edirlər.

Tarixi həqiqətlərə nəzər salsaq görərik ki, "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərin yaranma tarixinə gəlincə Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv.km təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

Nə xalqımız, nə də kəlbəcərlilər Kəlbəcərin işğal tarixini heç vaxt unutmayacaq. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. 

Rəsmi İrəvanın hərbi cinayətinə isə dünya dövlətləri bu gün də göz yumur. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə gəlincə Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.

Kəlbəcərin doğma sahiblərinə qayıtması həm xalqımızın, həm də kəlbəcərlilərin yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Prezident İlham Əliyevin söylədiyi kimi, “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

44 günlük haqq savaşında, eləcə də Kəlbəcər uğrunda döyüşlərdə iştirak edənlərin vətənpərvərliyi, igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb. Bu torpaqda da “Böyük Qayıdış” layihəsi uğurla icra olunur. Bərpa-quruculuq işləri sürətlə davam edir. İnfrastruktur layihələrinin icrasına nəzər saldıqca qürurlanmamaq əldə deyil. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.

Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə ordu quruculuğu dövlət siyastinin prioritet istiqamətidir. İkinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.

Bu gün Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur.

Kəlbəcər şəhərinin Baş planı isə bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. 

Kəlbəcərin təbii enerji potensialı da bu gün gündəmdə olan məsələdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.

2021-2022-ci illər həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri ilə də yadda qaldı. 16.08.2021-ci il tarixi Kəlbəcərdə Azərbaycan Bayrağının ucaldılması, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimi ilə yaddaşlara əbədi yazıldı. 26.06.2022-ci il tarixi “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışları, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı, Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işləri ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri ilə yadda qaldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər, həmin torpaqlarda dayanaraq xalqa etdiyi müraciətlər bir daha onu söyləməyə əsas verir ki, Qarabağa “Böyük Qayıdış” elə də uzaqda deyil.

GOYEZEN.AZ


Geri qayıt