Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Qazaxda 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub


22-11-2022, 11:37


Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi şanlı tarixi inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Bu gün Ulu Öndər Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. 22 ildir ki, hər il noyabr ayının 22-də peşə bayramlarını qeyd edən ədliyyə işçiləri artıq peşə bayramlarını qalib ölkənin vətəndaşları olaraq tam fərqli əhval-ruhiyyədə qeyd edirlər.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi qeyd olunub. 

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,  icra aparatının məsul şəxsləri, Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayev, məhkəmə və ədliyyə işçiləri, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi münasibətilə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov başda olmaqla bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, ən xoş arzularını çatdırıb.

 


Qeyd edək ki, Azərbaycan ədliyyəsinin şanlı tarixi və inkişaf yolu Ulu Öndərin adı ilə bağlıdır.  Azərbaycan ədliyyəsinin davamlı fəaliyyətinin təmin olunması Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə təsis olunan Ədliyyə Nazirliyinin fəaliyyəti həmin dövrdə təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.

Dövlət müstəqilliyimizin bərpasından sonra da Ədliyyə Nazirliyi Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin qayğısı ilə aparılan köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti təkmilləşib, ölkədə yeni üçpilləli məhkəmə sistemi bərqərar olub.

Ədliyyə və məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilərək dövlət başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.

Dövlət başçısının təsdiq etdiyi Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair Dövlət Proqramları, 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı, 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ədliyyə və məhkəmə fəaliyyətində mühüm “yol xəritəsi” olmaqla Azərbaycan ədliyyəsinin müasir çağırışlara uyğun inkişafını təmin edib, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

Azərbaycan ədliyyəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə də ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib, ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak edib, Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.


Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi islahatlar bu il də davam etdirilib. Bu gün əhaliyə 40-dək elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Bu metodlar əsasında azad olunmuş ərazilərdə də səyyar qaydada ədliyyə xidmətləri təşkil edilir.

Eyni zamanda, cəmiyyətin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün Bakıda yeni penitensiar müəssisələr inşa olunaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Bir sözlə, bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində fəal iştirak edir, o cümlədən əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir.

Nazirlik, həmçinin bələdiyyələrə metodoloji yardım göstərir və inzibati nəzarət edir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir.

Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini göstərməklə nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında geniş həcmli konkret işlərin dayandığını göstərir.

Azərbaycan ədliyyəsinin fəaliyyəti dövlətimiz tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının ədliyyə sisteminə yüksək diqqət və qayğısının təzahürü bu sahədə çalışan əməkdaşların mütəmadi qaydada təltif olunmasıdır. Bu yüksək diqqət və qayğı ölkəmizdə ədliyyə sahəsində daha böyük uğurların qazanılacağına qəti inam yaradır.

GOYEZEN.AZ


Geri qayıt