Əsas Səhifə > Manşet / İdman > Qazaxda icra başçısı UBO-nun dünya kəmərini qazanan ilk azərbaycanlı idmançısı Seymur İsayevlə görüşüb

Qazaxda icra başçısı UBO-nun dünya kəmərini qazanan ilk azərbaycanlı idmançısı Seymur İsayevlə görüşüb


14-11-2022, 19:02


Noyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov UBO-nun (Universal Boxing Organization) yüngül çəki üzrə Dünya kəmərinə sahib olmuş İsayev Seymur Afiq oğlu ilə görüşüb. 

Qazax Rayon İcra Hakimiyyətində idmançımızla görüşən icra başçısı Rəcəb Babaşov onu əldə etdiyi nailiyyət, parlaq qələbə münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşım. Çünki hər bir idmançının qazandığı qələbə ölkəmizin, Qazaxın qələbəsidir. Rayonun adını uca zirvələrə qaldıran idmançılara qayğı göstərmək isə hər birimizin borcudur. 


Rayon rəhbəri ilə səmimi söhbət edən idmançımız öz növbəsində onu qəbul etdiyinə, görüşdüyünə və ünvanına səsləndirdiyi xoş sözlərə görə minnətdarlığını bildirib. Qazaxda idman sahəsinə, idmançılara göstərilən qayğıya görə razılığını ifadə edib, bugünkü görüşü həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. 

Sahib olduğu kəmər və döyüş barədə məlumat verən S.İsayev bildirib ki, bu ilin 24 sentyabrında Şağan Olimpiya Kompleksində Azərbaycan Peşəkar Boks komissiyasının dəstəyi, MCM Fight Promotion və TGA Promotion and Managementin birgə təşkilatçılığı ilə Peşəkar Boks gecəsi keçirilib. Gecədə müxtəlif çəki dərəcələrində 14 boksçu öz güclərini sınayıb. Yarışda yerli boksçulardan başqa əcnəbi boksçular da iştirak edib. Gecənin əsas döyüşü azərbaycanlı Seymur İsayev (8-0-0, 6-sı nokaut) ilə Pakistanlı Bilal Muhammad (10-2-1, 8 nokaut) arasında UBO-nun (Universal Boxing Organization) yüngül çəki üzrə Dünya kəməri uğrunda keçirilib. (UBO light weight World title). UBO-nun dünya kəməri üçün ölkəmizdə ilk dəfə olaraq təşkil olunmuş döyüşdə Seymur İsayev qələbə  qazanaraq UBO-nun dünya kəmərini qazanan ilk azərbaycanlı olub.

Məlumat üçün onu qeyd edək ki, İsayev Seymur Afiq oğlu 28 iyul 1998-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. 2004-cü ildə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub, 4-cü sinifə qədər orada təhsil alıb. 2008-2009-cu illərdə Bakı şəhərində Texniki-Humanitar Liseydə 1 il təhsil alıb. Sonra təhsilini Rusiyanın Moskva şəhərində davam etdirib. 2014-cü ildə Bakıya qayıtdıqdan sonra 10-11-ci sinifi Respublika Olimpiya İdman Liseyində oxuyub. 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, 2019-cu ildə həmin akademiyanı bitirib. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətdə olub. Rusiyada böyüdüyü üçün idmana da Moskvada başlayıb. Əsgərlikdən sonra peşəkar boksa başlayıb.

24 yaşlı idmançımız məğlubiyyətsiz boksçu kimi tanınır. Peşəkar boksda döyüşdüyü 10 döyüşün hər birində qalib olub. 2019-cu ilə qədər həvəskar boksda döyüşüb. Həvəskar boksda 150 döyüşü olub, 136-nı udub. Peşəkar boksda isə hələ məğlubiyyəti yoxdur. 

Onu da bildirək ki, S.İsayevin idmana olan sevgisi ailədən gəlib. Babası və əmisi güləşçi, digər babası isə futbolçu olub. Boksa olan marağı uşaqlıqdan özünü büruzə verib. 

GOYEZEN.AZ


Geri qayıt