Əsas Səhifə > Manşet / Şəhidlər > Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları və millət vəkili Səməd Seyidovun köməkçisi ailə həyatı quran şəhid qardaşının toyunda iştirak edərək gənclərə xoş arzularını bildiriblər

Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları və millət vəkili Səməd Seyidovun köməkçisi ailə həyatı quran şəhid qardaşının toyunda iştirak edərək gənclərə xoş arzularını bildiriblər


13-11-2022, 20:19


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu 2020-ci il senytabrın 27-də haqq səsimizi bütün dünyaya çatdıracaq Vətən müharibəsinə başladı. Ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü, əzmi sayəsində Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Azərbaycan Ordusu 44 gündə hərb tariximizə bütün tarix boyu danışılacaq Zəfər səhifələrini yazdı. Tariximizin böyük rəhbəri, qüdrətli sərkərdəsi, mahir dövlət başçısı İlham Əliyev bu haqq savaşında xilaskarlıq missiyasını uğurla həyata keçirərək, ərazi bütövlüyümüzü düşməni əzə-əzə, qova-qova bərpa etdi. Xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdı. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi yad etmək vətəndaş olaraq hər birimizin borcudur. Bu gün vətəndaş olaraq hər birimiz qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və bu gün də olmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, yaralılarımıza, qazilərimizə göstərdiyi qayğını əldə rəhbər tutan rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən bu amili əsas götürür. Hərbçilərimizə qayğı ilə yanaşır, şəhidlərimizin, yaralılarımızın, qazilərimizin ailələrini daim diqqətdə saxlayır. 

Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur.

Döyüş meydanında göstərdiyi igidliyinə görə ölümündən sonra “Vətən uğrunda”, Laçının azad olunmasına görə”,Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Məhəmməd Məmmədov kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik. 

Noyabrın 13-də qəhrəman şəhidimizin ailəsində xoş gün yaşandı. İgid Vətən oğlunun qardaşı Nurlan Məmmədov ailə həyatı qurdu. 

Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan, onların kədərli anlarında, xoş günlərində daim yanlarında olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin ailəsinin xoş günündə də yanlarında olub.

İcra başçısının tapşırığına əsasən birinci müavin Məmməd Alıyev. icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov şəhid qardaşı Nurlan Məmmədovun toy mərasimində yüksək səviyyədə iştirak ediblər. Yeni ailə həyatı quran gənclərə xoş arzularını çatdırıblar.


Birinci müavin Məmməd Alıyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. İcra başçısı Rəcəb Babaşovun adından şəhidimizin qardaşını ailə qurması münasibətilə təbrik edən birinci müavin ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. “Bu gün hər birimiz torpaqlarımızın düşmən tapdağından azad olunmasına görə Ali Baş Komandana, canını Vətənə fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, igid oğullarımıza borcluyuq. Hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək. Bu gün özümüzə borc bildik ki, qəhrəman Vətən oğlunun qardaşının xoş günündə yanında olaq. Bu gün hər birimiz bu xoş gündə iştirak etməkdən qürur duyuruq”, - deyən birinci müavin əlamətdar gün münasibətilə təbrik edib. Səmimi ürək sözlərini və arzularını çatdıran M.Alıyev gəncimizin valideynlərinə bir daha gözaydınlığı verib.

Birinci müavin M.Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Məhəmməd kimi igid oğulları ehtiramla yad edərək onların xalqımızın qəlbində əbədi yaşayacaqlarını söyləyib. 


Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək xoş gün münasibətilə millət vəkilinin səmimi ürək sözlərini, təbriklərini çatdırıb. Şəhid qardaşının toyunda iştirak etməkdən şərəf duyduğunu, qürurlandığını qeyd edib. Şəhidimizin ailəsinin kədərli günündə olduğu kimi, xoş günlərində iştirak etməyin hər kəsin borcu olduğunu, bu gün qürurlu, şərəfli bir gün yaşandığını söyləyərək yeni ailə quran gənclərə ailə səadəti, xoşbəxtlik arzulayıb.

Şəhid atası Zakir Məmmədov şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olduğuna görə rayon rəhbərliyinə ailəsi adından təşəkkür edib. Bugünkü gündə onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.

Leytenant Məmmədov Məhəmməd Zakir oğlu


Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidimizin doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 

GOYEZEN.AZ


Geri qayıt