Əsas Səhifə > Manşet / Şəhidlər > Millət vəkili Səməd Seyidov Qazaxda “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin büstünün qoyulacağı ərazidə olub
Millət vəkili Səməd Seyidov Qazaxda “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin büstünün qoyulacağı ərazidə olub4-11-2022, 22:09 |
2020-ci il Azərbaycan xalqının yaddaşına cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbənin qazanıldığı bir il kimi əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, müdrik siyasəti, ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü sayəsində Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yeni bir salnamə yazıldı. 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən həmin salnamənin müəllifi isə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri oldu. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də gizir Nağıyev Anar Sahib oğludur. Bütün şəhidlərimiz kimi qəhrəman gizirimizin də adı əbədiləşdiriləcək. Şəhidimizin vaxtilə yaşadığı Ürkməzli kəndində yolun kənarında (Ürkməzli kənd sənətkarlıq evinin yanı) büstü qoyulacaq, xatirəsini əbədiləşdirən park yaradılacaq. Noyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qəhrəman şəhidin büstünün qoyulacağı və parkın yaradılacağı ərazidə olub, yerində baxış keçiriblər. İgid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edən icra başçısı Anar kimi qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Anarın xatirəsinin daim əziz tutulacağını bildirib. Şəhidimizin ailəsi tərəfindən Anarın adını daşıyacaq parkın yaradılmasını, büstünün qoyulmasını onun adının əbədiləşdirilməsi istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib. Yaradılacaq parkdan istifadə edən hər kəsin şəhidin ruhuna dua oxumaqla bərabər həm də onun haqqında məlumat əldə edəcəyini bildirib. Yaradılacaq parkın Anarın xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində böyük töhfə olacağını qeyd edib. Şəhid anası Məlahət Nağıyeva şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladı Anar və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Parkın yaradılmasında, büstün qoyulmasında əsas məqsədin Anar və onun kimi qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə nümunə göstərmək olduğunu vurğulayıb. Gizir Nağıyev Anar Sahib oğlu Şəhid Anar Nağıyev 30 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Alıuşağı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçdüyünə görə təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə davam etdirmiş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olmuşdur. Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa gedib. 21 yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi almış, "N" saylı hərbi hissədə xidmət etməyə başlamışdır. 2012-ci ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş, gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirmişdir. Anar Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2017), "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medalları ilə təltif olunmuşdur. “N” saylı hərbi hissənin hərbi qulluqçusu gizir Anar Nağıyev 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 17.11.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, üç azyaşlı – Röyal adlı oğul, Jasmin və Anarə adlı qız övladları yadigar qalıb. İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, gizir Anar Nağıyevin də göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Anar daha sonra 5 medala da layiq görülmüşdür. Anar Nağıyev ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 noyabr 2020-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülmüşdür. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Qarabağ” ordenli şəhidimizin adı verilib. GOYEZEN.AZ Geri qayıt |