Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar müşavirə keçirilib
Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar müşavirə keçirilib21-10-2022, 21:59 |
Oktyabrın 21-də Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar müşavirə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə RİH başçısı aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Suvarma Sistemləri İdarəsinin nümayəndələri, RİH başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev müşavirəni giriş sözü ilə açaraq tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Birinci müavin M.Alıyev hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən birinci müavin aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. M.Alıyev qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. M.Alıyev çıxışı zamanı son illər Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bugünkü müşavirənin əsas məqsədi rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar görülməsi nəzərdə tutulan işləri müzakirə etməkdir. Birinci müavin bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir və bu da öz bəhrəsini verir. Birinci müavin hər il olduğu kimi bu il də Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Rayon ərazisində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, suvarma suyu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə işçi qrupunun yaradılması barədə” 20.10.2022-ci il tarixli 9-21/349 №-li Sərəncam imzalandığını, həmin Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə bugünkü müşavirənin təşkil olunduğunu söyləyib. İşçi qrupunun tərkibində yer alan icra aparatının məsul işçilərinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Suvarma Sistemləri İdarəsinin nümayəndələrinin, RİH başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, Sudan İstifadə Birliklərinin nümayəndələrinin üzərinə Sərəncamdan irəli gələn vəzifələri layiqincə yerinə yetirmək üçün böyük məsuliyyət düşdüyünü qeyd edib. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan birinci müavin statistik rəqəmləri diqqətə çatdırıb. Qeyd edib ki, 2016-2017-ci ildə 274,78 km məsafədə təmizlənmə işi aparılıb ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci ildə 302,44 km arx və kanallarda təmizlik işləri görülüb ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi ilə aparılıb. 2018-2019-cu ildə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci ildə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci ildə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci ildə isə 347,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. Son 6 ildə 852,90 km-i texnika, 1002,17 km-i əl əməyi ilə olmaqla, 1855,07 km məsafədə təmizlik işlərinin aparıldığını qeyd edib. Birinci müavin 2022-2023-cü ildə 174,5 km-i texnika, 155,1 km-i əl əməyi ilə olmaqla 329,6 km məsafədə təmizlik işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib. Artıq bu istiqamətdə işlərə başlanıldığını, bu günə kimi texnika ilə 38,4 km məsafədə təmizlik işlərinin həyata keçirildiyini vurğulayıb. Birinci müavin əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin optimal müddətdə başa çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb. Bunun üçün kənd icra nümayəndələrinin, bələdiyyə və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bu sahədə verilən tapşırığın ciddiliyini dərk edərək təsərrüfatla məşğul olan kənd sakinləri arasında maarifləndirmə işinin aparılmasını, onların təmizlik işlərinə cəlb olunması ilə bağlı qeyd edilən məsələlərə məsuliyyətlə yanaşmalarını vurğulayıb və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov çıxış edərək keçirilən müşavirənin əhəmiyyətindən söz açıb. H.Pənahov çıxışında əkin sahələrində şumlanmanın, o cümlədən şumlanmış torpaqlarda səpin işlərinin vaxtında aparılmasının vacibliyini qeyd edib. Suvarma mövsümündə hər hansı bir çətinliyin yaşanmaması üçün səpin işlərinin optimal müddətdə başa çatırılmasını qeyd edib. H.Pənahov Qazax rayonu üzrə 2023-cü ilin məhsulu üçün 11000 hektarda taxıl əkilməsinin nəzərdə tutulduğunu, bundan 4725 hektarını arpa, 6275 hektarını buğda sahəsinin təşkil etdiyini vurğulayıb. Bu günə kimi şum aparılmış 6535 hektar torpaq sahəsindən 104 hektarında taxıl səpildiyini bildirib. Bunun da 89 hektarını arpa, 15 hektarını buğda sahəsinin təşkil etdiyini qeyd edib. H.Pənahov bir sıra məsələlər, həmçinin arx və kanallarda aparılan təmizlik işləri ilə bağlı fikirlərini bölüşüb. Qazax Suvarma Sistemləri İdarəsində baş mühəndis Asim Osmanov çıxış edərək keçirilən müşavirənin əhəmiyyətindən söz açıb, payızlıq tarla işlərinin aparılmasında böyük rol oynayacağını qeyd edib. Qazax Suvarma Sistemləri İdarəsi olaraq bundan sonra da arx və kanalların təmizlənməsi zamanı görülən işlərə dəstək olmağa hazır olduqlarını vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq. GOYEZEN.AZ Geri qayıt |