Əsas Səhifə > Manşet / Rəsmi > Bu gün Cəbrayılın düşmən tapdağından azad edildiyi gündən 2 il ötür
Bu gün Cəbrayılın düşmən tapdağından azad edildiyi gündən 2 il ötür4-10-2022, 10:55 |
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar. Tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü hərb tariximizə Qələbə səhifəsi kimi yazıldı. Xalqımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin hər günündə xalqa etdiyi müraciətləri, verdiyi qələbə müjdələrini bu gün də qürur hissi ilə xatırlayır. Xalqımız yaxşı bilirdi ki, Ali Baş Komandanın hər müraciəti tezliklə ərazi bütövlüyümüzün təmin olunacağından xəbər verirdi. Xalqın dövlətinə, rəhbərinə olan inamı isə sonsuz idi. 2020-ci il 4 oktyabr tarixini nə xalqımız, nə də cəbrayıllılar unutmur. Çünki 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və bu rayonun doqquz kəndi düşmən işğalından azad edilib. Vətən müharibəsinin davam etdiyi növbəti günlərdə rəşadətli Ordumuz işğal altında olan digər ərazilərimiz kimi Cəbrayıl rayonunun digər kəndlərini də düşmən işğalından azad etdi. Xalqımız 27 il davam edən işğalın fəsadlarını da unutmur. Hər kəs yaxşı bilir ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna dəymiş ziyana gəlincə deyə bilərik ki, 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İşğaldan əvvəlki Cəbrayıl rayonunun tarixi keçmişinə nəzər salsaq görərik ki, rayonun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin olub. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi. Erməni vandalizmi rayonun maddi-mədəni abidələrindən də yan ötmədi. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Cəbrayıl rayonundan olan məcburi köçkünlərin pozulmuş hüquqları və 27 il davam edən qaçqınlıq həyatı bu gün də gözümüz önündə ürək ağrısı ilə canlanır. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Bu gün isə qürurla söyləyə bilirik ki, “Böyük Qayıdış” Cəbrayıldan başlayıb. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir. Bu gün isə təqvimdə 2020-ci il 4 oktyabr - Cəbrayıl rayonunun işğaldan azad olunması tarixidir. Cəbrayılın azad olunması uğrunda aparılan döyüşlər illər ötsə belə heç vaxt unudulmayacaq. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Qəhrəmanlıq və şücaət təcəssümü olan günlər heç vaxt yaddan çıxmır. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu gün əminliklə deyə blərik ki, dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. 30 illik işğaldan sonra üçrəngli bayrağımızın doğma torpaqlarımızda dalğalanması həm düşmənə, həm də onun havadarlarına göz dağıdır.
Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bu gün Cəbrayıl özünün tarixi günlərini yaşayır. Rayonda görülən bərpa və quruculuq işləri sayəsində Cəbrayıl böyük tikinti meydançasına bənzəyir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri bu gün xalqımızın yaddaşına qürurlu günlər kimi yazılır. 16.11.2020-ci il tarixli səfər Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması, Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxışla yadda qaldı. 14.02.2021-ci il tarixli səfərdə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanışlıq oldu. 26.04.2021-ci il tarixli səfər Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış və Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçularla görüşlə yaddaşlara yazıldı. 04.10.2021-ci il tarixli səfər isə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi, “Cəbrayıl” yarımstansiyanın açılışı, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi ilə unudulmaz anlar kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Bəli, bu gün ötən günlərə nəzər salsaq görərik ki, Cəbrayılın işğaldan azad edilməsindən 2 il ötür və bu illər ərzində Cəbrayıl yenidən qurulur. Cəbrayıllılar ikinci nəfəs verilmiş doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər və o günün uzaqda olmadığına inanırlar. Ən əsası isə yurd niskilinə son qoyan Müzəffər Ali Baş Komandana, canlarını Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə sonsuz minnətdarlıq edirlər. Nəinki cəbrayıllılar, eləcə də də bütün xalqımız Ali Baş Komadanın və onun şanlı ordusunun qəhrəmanlığını heç zaman unutmayacaq. Nə qədər ki, Azərbaycan xalqı var, qəhrəmanlıq dolu günlər daim xatırlanacaq. GOYEZEN.AZ Geri qayıt |