Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan əsgər Davud Qurbanov ildönümündə ehtiramla yad olunub

Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan əsgər Davud Qurbanov ildönümündə ehtiramla yad olunub


3-10-2022, 16:19


2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri kimi hərb tariximizə, eləcə də xalqımızın yaddaşına əbədi yazıldı. 44 günlük müharibə nəticəsində şanlı Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur və yenilməz xalqımızın iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan dövləti bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğumuzu sübut etdi. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdığımız Vətən müharibəsi xalqımızın 30 illik torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğunun olduğunu hər kəsə bir daha nümayiş etdirdi. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. Bu gün vətəndaş olaraq hər birimiz qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq. 

Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də əsgər Qurbanov Davud Tariyel oğludur. 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan qəhrəman şəhidimizin şəhadətindən artıq 2 il ötür. 


Oktyabrın 3-ü ölümündən sonra “Vətən uğrunda”, Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş igid Vətən oğlunun ildönümüdür. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla anılıb.


İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində adını tarixə yazdıran Davud kimi oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin unudulmayacağını, hər zaman xatırlanacağını qeyd edib. İcra başçısı xalq olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Davud və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu qeyd edən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. İcra başçısı şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.


Şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Tariyel Qurbanov buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib.


Şəhid Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və 2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında “Space” televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından “Azad Azərbaycan” (ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır. Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgər Davud Qurbanov 02.10.2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

GOYEZEN.AZ


Geri qayıt