Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Əliağa Şıxlinski küçəsində 4,5 saylı binalarda yaşayan sakinlərlə keçirilib

Qazaxda icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Əliağa Şıxlinski küçəsində 4,5 saylı binalarda yaşayan sakinlərlə keçirilib


29-09-2022, 21:33

Bu gün hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə də öz əksini tapır. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü şəhərin Əliağa Şıxlinski küçəsində 4 və 5 saylı binalarda yaşayan sakinlərlə keçirilib. 


Sentyabrın 29-da rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, bina sakinlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda, eləcə də rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Pandemiyadan sonra ilk dəfə olaraq keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.


Son illər şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışan icra başçısı ən böyük layihələrdən olan şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasını qeyd edib. Həmçinin, su-kanalizasiya sisteminin çəkilişindən sonra bütün küçələrdə, eləcə də şəhərdə yerləşən çoxmənzilli yaşayış binalarında abadlıq işlərinin aparıldığını bildirib. Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı binaların dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu, binaların həyətlərinə yeni asfalt örtüyü vurulduğunu bildirib. Bundan əlavə, binanın həyətində olan xeyir-şər evinin təmir edildiyini söyləyib. 


İcra başçısı şəhərdə və kəndlərdə vətəndaşların optik internet xətti ilə təmin olunmasının nəzərdə tutulduğunu, ilkin olaraq Alpout, Abbasbəyli və Fərəhli kəndlərində istifadəyə veriləcəyini bildirib. Rayon rəhbəri şəhərdə SİP kabelləşmənin də tam başa çatdırılacağını qeyd edib. 

İcra başçısı 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən də danışıb. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. 


Rayon rəhbəri Qazaxda Rayon Polis Şöbəsi tərəfindən narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmalı olduğunu söyləyib.


Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən yaşadıqları binalarda görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Əliyeva Nailə Meydan qızının yaşadıqları küçəyə gələn 500 metr uzunluğunda yolun asfaltlanması, Qocayeva Güldanə Moşu qızının məhəllədə yerləşən transformator məntəqəsinin və elektrik xətlərinin təmiri, elektrik xətlərinə toxunan ağacların budanması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. 

GOYEZEN.AZ



Geri qayıt