Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsində qanı ilə dastan yazan əsgər İlqar Hüseynovun bu gün ildönümü qeyd olunub
Vətən müharibəsində qanı ilə dastan yazan əsgər İlqar Hüseynovun bu gün ildönümü qeyd olunub29-09-2022, 18:30 |
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində ordumuzun əldə etdiyi böyük Qələbə hərb tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın da söylədiyi kimi, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, əsgər və zabitlərimizə, hərbçilərimizə, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu baş əyməliyik. “Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də əsgər Hüseynov İlqar Yaşar oğludur. 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan qəhrəman şəhidimizin şəhadətindən artıq 2 il ötür. Sentyabrın 29-da igid Vətən oğlunun ildönümü qeyd olunub. İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri iştirak ediblər. Şəhidimizin ata ocağında ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində xalqımıza Qələbə sevinci bəxş edən İlqar kimi oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin heç zaman unudulmayacağını qeyd edib. İcra başçısı xalq olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, İlqar və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu qeyd edən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. İcra başçısı şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib. Şəhid atası Yaşar Hüseynov şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib. İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinifinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Şəhid İlqar Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |