Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > “Xoş söz, diqqət, qayğı bu iki ildə yaralarımızın məlhəmi olub...”
“Xoş söz, diqqət, qayğı bu iki ildə yaralarımızın məlhəmi olub...”27-09-2022, 01:16 |
“Xalq qəzeti” “Necəsən, Qazi?” mövzusunda ikinci “Dəyirmi masa”nı Qazaxda keçirib Birinin gözü görmür. Digəri görüşə əlil arabasında gəlib, döyüş yoldaşları onu qucaqlarına alıb pilləkənlərlə düşürdürlər. Başqa birisinin üz-gözü yanıb, hələ də sarğıları açılmayıb... Ayaqlarını güc-bəla ilə sürüyənlər də var, çəliklə, qoltuq ağacları ilə gəzənlər də... Amma onların hamısının bir adı var: Qazi! Onlar bu adın işığında necə də gözəl, məğrur, dəyanətli, sağlam, cüssəli görünürlər! İnanın bu belədir. Bu hissləri keçirmək üçün onları danışdırmaq lazımdır, gözlərinin içinə baxmaq, “səni başa düşürəm” demək gərəkdir. Baxıram ki, aralarında yaşca ən böyüyü 2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonunda gedən döyüşlərdə baş, göz və qarın nahiyəsindən ağır yaralanan və sonradan Bakı Şəhər Hərbi Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən, 3 gün koma vəziyyətində qalan mayor rütbəli Xəyyam Əliyevdir. Nələr çəkib bir özü bilir, bir də onu bu gün həyata qaytaran həkimləri. Artıq ikinci qrup əlillik dərəcəsi də təyin olunub. Ailəlidir, 2 övladı var. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə Qazax Şəhər Mənzil İstismar İdarəsində işlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə ona avtomobil verib. Deyir ki, bu iki ildə xoş söz, diqqət, qayğı yaralarının məlhəmi olub... “Dəyirmi masa”da Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir Çobanov da iştirak edir. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə rəhbərlik edir. Bir gözü görmür. Bədənində çoxlu qəlpə yaraları var, kontuziya alıb. Müharibədə göstərdiyi igidliklərə görə üçüncü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb, medalları da var. Nəinki burada iştirak edən qazilərin, Qazax rayonu üzrə şəhid olan, yaralanan hər bir döyüşçünün keçdiyi döyüş yolunu əzbər bilir, bəzən onların əvəzinə də danışır. Samir Çobanov, qazi-kapitan, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri: – Sevmirəm özüm haqqında danışmağı. Döyüşdə etdiklərimi də sadalayası deyiləm. Bircə onu demək istəyirəm ki, sabah bizim hər birimizi, bax elə bu gördüyünüz vəziyyətdə cəbhəyə aparsalar, əvvəlkindən də artıq cəsarətlə, əzmlə döyüşəcəyik. Bilirsiniz niyə? Əvvəla, biz Ali Baş Komandanımız, cənab Prezidentimizin rəhbərliyi, onun qətiyyəti sayəsində 30 ildən artıq düşmən tapdağı altında qalmış doğma torpaqlarımızı azad etmişik. İkincisi, ötən iki il ərzində gördük ki, dövlətimiz şəhid ailələrinin, qazilərin, müharibədə iştirak edən hər bir kəsin yanındadır. Biz laqeydlik görmədik, qayğı, diqqət, nəvaziş, qiymət gördük. Bu gün Ermənistanla 168 kilometr sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 340 nəfərdən çox şəhid verib. 7 nəfər qazaxlı Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə bu torpağın döyüşə atılan igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq. Dediyim odur ki, şəhidlərə, qazilərə, bu Qələbədə payı olan hər kəsə diqqət sonsuzdur. Budur bizi ruhlandıran, budur Qələbəyə səfərbər edən! Rayonda şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza gələn qonaqlar kədər, həm də qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, eləcə də şəhərin mərkəzi küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi bu gün Qazaxda müqəddəs ünvanlardan biridir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının işıq üzü görməsi igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Bu gün, burada əyləşən hər bir qazi, eləcə də digərləri deyə bilməz ki, onlara qarşı soyuqluq var, arzuları, istəkləri həyata keçmir. Özləri də danışarlar yəqin. Tural Vəliyev, qazi-leytenant: – “Xalq qəzeti”nin təşəbbüsü ilə belə bir görüşün keçiriləcəyini eşidəndə uşaq kimi sevindim. Düzü, məni danışdıranda, hal-əhval tutanda daxilən yüngülləşirəm, hətta ağrılarım da azalır. Doğrudur, rayonda ən müxtəlif tədbirlərə dəvət edirlər, görüşlərimiz olur, bunlar öz yerində. Amma başqa yerdən, elə mətbuatdan gəlib nəsə soruşanda tamamilə başqa hisslər keçiririk. Özüm 1991-ci ildə hərbçi ailəsində anadan olmuşam. 2012-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışam. 2013-cü ilin iyul ayında tərxis olunduqdan sonra 2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində 3 aylıq ehtiyat zabit kursunu oxumuşam. sonra “N” saylı hərbi hissədə çalışmışam. Oktyabrın 30-dan 31-nə keçən gecə Xocavənd istiqamətində gedən döyüşlərdə piyada əleyhinə minaya düşdüm. Sağ ayağımın daban sümüyündə olan açıq qəlpəli yara bu gün də məni incidir. Yenə müalicəyə gedəcəyəm və inşallah düzələr. Hazırda Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsində işləyirəm. Dövlət təltiflərim də var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Bunları deməyə də bilərdim. Sadəcə, soruşdunuz, mən də sadaladım, ötən günlərdən danışdım. Sentyabr ayını, xüsusilə 27 sentyabrı isə heç vaxt unuda bilmərəm. Heç balalarım, qismət olsa nəvələrim, nəticələrim də unutmayacaq. Çünki həmin gün biz nəhayət, çoxdan gözlədiyimiz Böyük Qələbənin işartılarını, izlərini gördük və hiss etdik ki, bu dəfə düşmən birdəfəlik sarsıdılacaq. Belə də oldu! Vüsal Adıgözəlov, qazi: – Soruşursunuz ki, “necəsən, Qazi?”. Mən indi durum deyim ki, bədənimdə olan 14 qəlpədən çoxu iki ildir mənimlədir? Artıq ikinci qrup əlillik dərəcəsi də təyin olunub. Elə bilirdim həyat mənim üçün bitdi. Amma dövlətimiz tərəfindən elə bir diqqət, qayğı gördüm ki, keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Özüm Bağanıs Ayrım kəndindənəm. 2014-cü ilin avqust ayından 707 saylı hərbi hissədə xidmətə MAHHXHQ olaraq başlamışam. 2020-ci il oktyabrın 10-dan Suqovuşan, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdim və 17-də ayağımdan 1, qarnımdan 7, beldən 3, sağ qol bazudan 3 qəlpə yarası aldım. Elə həmin gün Füzuli rayonunda ilkin tibbi yardım göstərildi və iki dəfə əməliyyat olundum. Amma vəziyyətim pisləşdiyi üçün Bakı Şəhər Hərbi Hospitalına aparıldım və daha sonra Bakı Sağlamlıq Mərkəzində müalicəmi davam etdirdim və iki dəfə də burada əməliyyat olundum. Hazırda ev şəraitində müalicəmi davam etdirirəm. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişəm. Görüşlərə gedəndə qürurla sinəmə taxıram. Ona görə yox ki, hansısa bir qəhrəmanlıq göstərmişəm, öyünürəm, yox, sadəcə, onları mənə cənab Prezidentimiz verib və bundan böyük ikinci bir mükafat tanımıram. Mən cəbhədə gördüm ki, bizim əsgərlərimiz hücuma keçəndə necə “İlhamla irəli!” deyərək düşməni vahiməyə salırlar. Bunları mən görmüşəm və bir daha əmin olmuşam ki, Qələbəmiz ölkə Prezidentinə, Ali Baş Komandana inamdan, məhəbbətdən yarandı. Bunları necə unudum? Qazaxın 7 kəndini, o cümlədən, mənim doğma kəndim Bağanıs Ayrımı hələ də düşmən özündə saxlayıb, iki il qabaq imzaladığı razılaşma sənədinə məhəl qoymur. Amma inanıram ki, bu kəndlər tezliklə özümüzə qayıdacaq. Qaytarmasalar, unutmasınlar, İlham Əliyev kimi Prezidentimiz, şanlı ordumuz öz sözünü deyəcək. Nicat Tağıyev, qazi: – Mənim də doğulduğum Aşağı Əskipara kəndi neçə illərdir düşmənin əlindədir. Bilmirəm, bəlkə də hərbiyə olan marağım torpaqlarımızı düşməndən azad etmək istəyindən, niyyətindən doğub və 2014-cü il may ayının 25-dən 707 saylı hərbi hissədə MAHHXHQ kimi xidmət etmişəm. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhədə olmuşam. Oktyabrın 16-da Füzuli rayonunda gedən döyüşlərdə minaya düşdüm. Kəllə-beyin travması aldım. Müalicə olunduqdan sonra “N” saylı hərbi hissəyə qayıtdım. Lakin icazə vermədilər ki, döyüşlərə qatılım və buna görə çox təəssüflənirəm. Beləliklə, hərbi hissədən tərxis olundum. Ailəliyəm, 3 övladım var. Sağ olsunlar, Qazax Arxiv İdarəsində Sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işi ilə təmin olunmuşam. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişəm. Valeh Mustafayev, qazi, polkovnik-leytenant: – Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan hərbi məktəblərin məzunuyam. 1997-ci ildən 2000-ci ilə qədər C.Naxçıvanski adına hərbi liseydə, 2000-ci ildən 2004-cü ilədək isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuşam və motatıcı ixtisasına yiyələnmişəm. 2005-ci ilin avqust ayından başlayaraq müxtəlif hərbi hissələrdə tağım, bölük komandiri, motoatıcı tağım komandiri, hərbi hissə komandirinin müavini olmuşam. 2020-ci ilin mart ayında 702 nömrəli hərbi hissə komandirinin idieloji iş və mənəvi-psixoloji təminat üzrə müavini – bölmə rəisi vəzifəsinə təyin olunmuşam. 2020-ci il noyabrın 6-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində partlayış zədələnməsi, “Barotravma ” deyilən xəsarət almışam. Keçən ilin sentyabrında hərbi xidmətdən təxris olunmuşam. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişəm. Bu gün burada çox maraqlı söhbətlərin şahidi oldum. Bilirsiniz diqqətimi daha çox nə cəlb etdi? Bu gənc qazilərin Vətənə olan məhəbbəti, Prezidentimizə olan sonsuz inamı, sevgisi, torpağa bağlılığı, düşmənə nifrəti və ən nəhayət, döyüş əzmi, bu gün də döyüşə atılmaq arzusu, istəyi. İndi fikirləşirəm ki, məgər bu hisslər deyildimi bizi Böyük Qələbəyə aparan?! Sentyabrın 27-də başlanan Qələbə yürüşü cəmi 44 günə başa çatdı. Tarixdə görünməyən qələbə! Anım Günü yenə də şəhidlərimiz ziyarət olunacaq, onların keçdiyi şərəfli yol yenidən xatırlanacaq. Allah şəhidlərimizə rəhmət eləsin. “Dəyirmi masa” arxasındakı söhbəti yazdı: Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri 27 sentyabr 2022-ci il, 4-cü səhifə
Geri qayıt |