Əsas Səhifə > Manşet / Şəhidlər > YAP Qazax Rayon Təşkilatında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax Rayon Təşkilatında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib26-09-2022, 21:20 |
Respublika Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Artıq 2 ildir ki, Azərbaycan xalqı 27 sentyabrı Anım Günü kimi ehtiramla qeyd edir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 27 Sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Növbəti tədbir sentyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunub. YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Təşkilatın işçiləri, Ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər. Tədbirdən əvvəl şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib, memorial önünə tər qərənfillər düzülərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, anım günü ilə bağlı ürək sözlərini bildirib. A.Nəbiyev qeyd edib ki, 2020-ci ildə yaddaşımıza əbədi həkk olunan 44 günlük Vətən müharibəsində müdrik Azərbaycan xalqı şəhidlərimizin canı bahasına, qazilərimizin şücaəti, qanı bahasına Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin xüsusi sərkərdəlik qabiliyyəti, dünyadakı hörməti, nüfuzu sayəsində taixi Qələbə əldə etdi. 44 günlük müharibədə Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə dünyanın güclü orduları sırasında dayandığını sübut etdi. A.Nəbiyev 27 sentyabrın bizi şanlı Zəfərə aparan günün başlanğıc tarixi kimi hər zaman qürurla xatırlanacağını bildirib. “Azərbaycan Ordusu dünya hərb tarixində yeni bir səhifə yazdı”, - deyən A.Nəbiyev hərbçilərimizlə hər birimizin fəxr edib, qürur duyduğumuzu söyləyib. Natiq çıxışında qeyd edib ki, artıq müdrik xalqımızın təqvimini qara rəngli soyqırım, faciələr, qətliamlar, rayonlarımızın işğal olunması günləri deyil, qırmızı rəngli Qələbə, Zəfər günləri, işğaldan azad olunma günləri bəzəyir. Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci il Vətən müharibəsində 44 gün ərzində elə bir uğura imza atdı ki, 30 il işğal altında olan torpaqlarımız, doğma Qarabağımız işğaldan azad olundu, tarixi ədalət bərpa olundu. "Dəmir yumruq” qalib gəldi. Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Aydan Əsgərova çıxış edərək Azərbaycan gəncləri olaraq igid, qorxmaz, mərd oğullarımızla, hərbçilərimizlə qürur duyduqlarını söyləyib. “Biz xalq olaraq azadlığımızı şəhidlərimizin canı, qazilərimizin sağlamlığı hesabına əldə etmişik. Məktəb illərində müəllimlərimiz bizə hər zaman torpaqlarımızın 20 faizinin işğal altında olduğunu bildirirdilər. Bu gün isə qürurla deyirəm ki, mən gələcəyin gənc müəllimi kimi şagirdlərimə torpaqlarımızın işğaldan azad olunduqları günü çatdıracam. Buna görə şəhidlərimizə, qazilərimizə borcluyuq”, - deyən A.Əsgərova gənc olaraq şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımov çıxış edərək şəhidlərimizə, Ali Baş Komandana həsr etdiyi şeiri ilə ürək sözlərini çatdırıb. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa diləyib. Şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Tədbirdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri şəhidlərimizə həsr olunmuş kompozisiya təqdim ediblər.
GOYEZEN.AZ Geri qayıt |