Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan əsgər Ülvi Quluyevin ailəsini ziyarət edib

İcra başçısı sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan əsgər Ülvi Quluyevin ailəsini ziyarət edib


22-09-2022, 20:25


2022-ci il sentyabrın 12-dәn etibarәn Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə və xalqımızın qəlbinə qızıl hərflərlə yazdılar. Döyüş zamanı Qazax rayonundan olan 13 nəfər hərbi qulluqçumuz yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İgidicəsinə sinəsini düşmən gülləsinə sipər edən oğullarımızdan biri də Abbasbəyli kənd sakini, əsgər Quluyev Ülvi Babək oğludur. Bütün hərbçilərimiz kimi Ülvi Quluyev də düşmən təxribatının qarşısını alarkən ölümün gözünə dik baxıb, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşub. Yanına mərmi düşməsi nəticəsində sağ ayağından yaralanıb, aldığı xəsarətdən sağ ayağı topuqdan aşağı amputasiya olunub. Hazırda vəziyyəti normaldır. Bakı şəhərində Hərbi Hospitalda müalicəsini davam etdirir.


Sentyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Abbasbəyli kəndinə gedərək yaralımızın evində olub, ailəsini ziyarət ediblər. Yaralımızın atası ilə görüşən rayon rəhbərliyi ailənin qayğıları ilə maraqlanıb. 

İcra başçısı bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə qürur duyduğunu söyləyib. İllər ötsə belə bizlərə 44 günlük Vətən müharibəsində qürur dolu anlar bəxş edən oğullarımızın, eləcə də sentyabrın 12-dən etibarən düşmən təxribatının qarşısını alarkən şəhid olan, yaralanan qəhrəmanlarımızın heç vaxt unudulmayacağını qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan münasibətlərinin, göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, bundan sonra da belə davam edəcəyini bildirib. 

Yaralımızın atası Babək Quluyev övladı Ülvi və onunla çiyin-çiyinə vuruşan, torpaqlarımızı qoruyan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Bir ata kimi övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti hərbçilərimizə, yaralılarımıza olan dövlət qayğısının əyani sübutu kimi qiymətləndirib.

Məlumat üçün qeyd edək ki, əsgər Quluyev Ülvi Babək oğlu 21 dekabr 2003-cü ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olub. 2010-cu ildə Qazax rayon  Abbasbəyli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olub, 2014-cü ildə Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 5-ci sinifində təhsilini davam etdirib. 2021-ci ildə  həmin məktəbin 11-ci sinifini bitirib. Orta təhsillidir. 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. KOMANDO hərbi hissəsində xidmət edib. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə iştirak edib. Yanına mərmi düşməsi nəticəsində sağ ayağından yaralanıb. 13.09.2022-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilərək orada sağ ayağı topuqdan aşağı amputasiya olunub. Hazırda vəziyyəti normaldır. Bakı şəhərində Hərbi Hospitalda müalicəsini davam etdirir.


GOYEZEN.AZ


Geri qayıt