Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan gizir Rafiq Bəkirov bu gün evində ziyarət olunub

Qazaxda sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan gizir Rafiq Bəkirov bu gün evində ziyarət olunub


20-09-2022, 20:35


2022-ci il sentyabrın 12-dәn etibarәn Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan şəhidlərimizlə yanaşı, yaralılarımız da var.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Döyüş zamanı Qazax rayonundan olan 13 nəfər hərbi qulluqçumuz yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

İgidicəsinə sinəsini düşmən gülləsinə sipər edən oğullarımızdan biri də Xanlıqlar kənd sakini, gizir Bəkirov Rafiq Səlim oğludur. 44 günlük Vətən müharibəsində iştirak edən igid Vətən oğlu düşmən təxribatının qarşısını alarkən də ölümün gözünə dik baxıb, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşub. Kəllə-beyin travması və sol qolundan qəlpə yarası alan gizir Rafiq Bəkirov çox şükür ki, bu gün evində, ailəsinin yanındadır. Müalicəsini evində davam etdirir. 


Sentyabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, ictimai birliyin üzvlərindən şair Rəfail İncəyurd, keçmiş polis polkovniki Müzəffər Süleymanov, Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov yaralı gizirimizi evində ziyarət ediblər. 


Gizirimizin səhhəti, qayğıları ilə maraqlanan rayon rəhbəri dövlətin hər zaman onun və ailəsinin yanında olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr etdiyi qeyd edilib. Bu gün Rafiq kimi oğullarımızla hər bir azərbaycanlının, qazaxlının qürur duyduğu bildirilib. İllər keçsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımızın, eləcə də sentyabrın 12-dən etibarən düşmən təxribatının qarşısını alarkən şəhid olan, yaralanan qəhrəmanlarımızın heç vaxt unudulmayacağı qeyd edilib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan münasibətin, göstərilən qayğının hər bir dövlət məmuruna, eləcə də hər bir vətəndaşa örnək olduğu vurğulanıb. Bu amilin Qazaxda ilk gündən əsas götürüldüyü və bundan sonra da olduğu kimi davam etdiriləcəyi bildirilib.  


“Bir an olsun belə düşmən qarşısından geri çəkilmədik. Düşmən təxribatının qarşısını almaq üçün hamı bir nəfər kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq tək birləşmişdi. Hərbçilərimizdə döyüş ruhu yüksək səviyyədə idi”, - söyləyən gizir Rafiq Bəkirov döyüş dolu anları bu gün qürurla xatırlayır. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla anır, sağlamlığını itirən qazilərimizə tez zamanda sağalmalarını arzulayır. R.Bəkirov istər xəstəxanada ona göstərilən qayğıdan, istərsə də ailəsinə olan dəstəkdən, ayrılan diqqətdən razılıq edir. Hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirir. Bugünkü ziyarəti hərbçilərimizə, yaralılarımıza olan dövlət qayğısının bariz nümunəsi kimi qeyd edir. 


Məlumat üçün qeyd edək ki, Bəkirov Rafiq Səlim oğlu 21 sentyabr 1989-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbi bitirib. 2012-ci ildən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak edib. 13 sentyabr 2022-ci il tarixdə  “N” saylı hərbi hissənin nəzdində gizir rütbəsində Laçın istiqamətində gedən döyüşlərdə yaralanıb. Kəllə-beyin travması və sol qolundan qəlpə yarası alıb. Ailəlidir, iki qız, bir oğul övladı var.

GOYEZEN.AZ


Geri qayıt