Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid gizir Azad Kərimovun bu gün yeddi mərasimi olub

Qazaxda şəhid gizir Azad Kərimovun bu gün yeddi mərasimi olub


20-09-2022, 20:08


2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. Bu gün qəhrəman şəhidlərimizin yeddi mərasimləri olub.  


Sentyabrın 20-də şəhid Azad Kərimovun ata ocağında keçirilən mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, ictimai birliyin üzvlərindən şair Rəfail İncəyurd, keçmiş polis polkovniki Müzəffər Süleymanov, Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov iştirak ediblər. 

İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənilib.


Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığı, düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan şanlı Ordumuz tərəfindən qisaslarının alındığı bildirilib. Azad Kərimov kimi oğullarımızla hər bir azərbaycanlının, qazaxlının fəxr etdiyi, qürur duyduğu bir daha dilə gətirilib. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, eləcə də ötən gün düşmən təxribatının qarşısını alan Azad kimi qəhrəmanlarımızın heç vaxt unudulmayacağı qeyd olunub. Azad Kərimovun 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak etdiyi, eləcə də senytabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdiyi, şücaəti ilə adını xalqımızın qəlbinə əbədi yazdığı qeyd edilib. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamı ilə Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyi vurğulanıb.

“Vətən sağ olsun!” söyləyən şəhid atası Zakir Kərimov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. 


Məlumat üçün qeyd edək ki, Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlıqları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

GOYEZEN.AZ


Geri qayıt