Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı Qazax Müəllimlər Seminariyasında və ətrafında aparılan son tamamlanma işləri ilə maraqlanıb

İcra başçısı Qazax Müəllimlər Seminariyasında və ətrafında aparılan son tamamlanma işləri ilə maraqlanıb


19-09-2022, 14:41


Bu gün Qazax Müəllimlər Seminariyasına yeni bir nəfəs verilir. 104 yaşlı təhsil ocağımızın tarixi binası ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya yeni görkəm verilir. 

Bu gün qürurla söyləyə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi həm onun yenidən istifadəsini mümkün edəcək, həm də tarixi bina kimi gələcək nəsillərə ötürülməsinə bir ərmağan olacaq. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq.


Sentyabrın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Müəllimlər Seminariyasında və ətrafında aparılan son tamamlanma işləri ilə maraqlanıb. Seminariyanın bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev və tikinti sahəsinin rəisi Muxtar Həmidov görülmüş işlər barədə ətraflı məlumat verərək bütün işlərin sürətlə davam etdirildiyini, hazırda son tamamlanma işlərinin aparıldığını bildiriblər.

ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ziyalılar, rayon ictimaiyyəti də yüksək dəyərləndirir. Seminariyanın bərpasını gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə kimi qiymətləndirilir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.



GOYEZEN.AZ


Geri qayıt