Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax: Həssas yanaşma vətəndaş məmnunluğu yaradır

Qazax: Həssas yanaşma vətəndaş məmnunluğu yaradır


14-09-2022, 10:57

Respublika mətbuatı Qazax haqqında


Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətdə vətəndaş amili prioritet təşkil edir. Bunu ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də deməyə əsas verir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Qazax şəhərinin Nəriman Nərimanov yaşayış massivi 1,2,3 və 49 saylı binalarda yaşayan sakinlərlə keçirilib. 

49 saylı binanın həyətində rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, bina sakinlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ən böyük layihələrdən olan şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasını qeyd edib. Həmçinin, su-kanalizasiya sisteminin çəkilişindən sonra bütün küçələrdə, eləcə də şəhərdə yerləşən çoxmənzilli yaşayış binalarında abadlıq işlərinin aparıldığını bildirib. Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3 və 49 saylı binalarda aparılan abadlıq işlərini vurğulayıb. Hər dörd binanın dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu, 2,3,49 saylı binanın həyətlərinə yeni asfalt örtüyü vurulduğunu bildirib. Bundan əlavə, binanın həyətində xeyir-şər evinin tikildiyini söyləyib.

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib.

Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına uyğun son illər Qazaxda 11 məktəb binasının əsaslı təmir və ya tikintisinin aparıldığını bildirib. ADA Universitetinin "Bir müəllimin manifesti" təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyası binasını bərpa etməsini qeyd edib.

R.Babaşov 2020-ci ilin 27 sentyabrında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən də danışıb. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib.

Sonra rayon rəhbəri sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Yaşar Abdullayev, Tovuz Mehdiyeva, Nəzifə Abdullayeva, Vüsalə Bayramova və digərləri N.Nərimanov yaşayış massivində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərinə asfalt örtüyünün vurulması, telefon xəttinin çəkilməsi, Aqil Musayev küçəsinin işıqlandırılması, işlə təmin olunma ilə bağlı müraciətlər ediblər. Onları dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.

Sakinlər onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri 

14 sentyabr 2022-ci il



Geri qayıt