Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid baş leytenant Yunis Kazımov doğulduğu Kəmərli kəndində son mənzilə yola salınıb
Qazaxda şəhid baş leytenant Yunis Kazımov doğulduğu Kəmərli kəndində son mənzilə yola salınıb14-09-2022, 18:31 |
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, Qazax rayonunun Kəmərli kənd sakini, 1993-cü il təvəllüdlü, baş leytenant Kazımov Yunis Qasım oğlu şəhadətə yüksəlib. Sentyabrın 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – baş leytenant Yunis Kazımovun doğulduğu Qazax rayonunun Kəmərli kəndində dəfn mərasimi keçirilib. Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib. Kəmərli kənd qəbiristanlığına aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. İcra başçısı qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. İcra başçısı Yunis Kazımovun 44 günlük Vətən müharibəsində olduğu kimi, senytabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdiyini, şücaəti ilə adını tarixə yazdığını qeyd edib. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyini söyləyib. “Hər birimizin qəlbində bütün şəhidlərimizin xatirəsi əzizdir. Bu gün Yunis kimi oğullarımızla hər bir azərbaycanlı, qazaxlı fəxr edir”, - deyən icra başçısı şəhidlərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, bu gün vətəndaş olaraq hər birimiz 44 günlük Vətən müharibəsində tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. Bütün şəhidlərimizlə qürur duyduğumuzu bir daha dilə gətirib. Ruhuna dua oxunduqdan sonra şəhid baş leytenant Kazımov Yunis Qasım oğlunun nəşi yaylım atəşi altında uğrunda canından keçdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib.
“Vətən sağ olsun!” söyləyən şəhid atası Qasım Kazımov övladı ilə qürur duyduğunu bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Məlumat üçün qeyd edək ki, Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Ailəli idi. 1 övladı var. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ Geri qayıt |