Əsas Səhifə > Manşet / Sosial > Görülən işlər göz oxşayır
Görülən işlər göz oxşayır23-09-2017, 19:01 |
Bu gün Qazax rayonu böyük bir tikinti meydançasına bənzəyir. Hər yanda tikinti-quruculuq işləri həyata keçirilir. Ən əsası isə odur ki, bu işlər tək rayon mərkəzində deyil, demək olar ki, bütün kəndlərdə, hətta ən ucqar yaşayış məntəqələrində belə həyata keçirilir. Ona görə də Qazax bütün sahələr üzrə, bütöv şəkildə inkişaf edir, gündən-günə daha da abadlaşır. Həyata keçirilən bütün təmir-tikinti işləri rayon rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Ona görə də kəmiyyətlə yanaşı olaraq keyfiyyətə çox diqqət yetirilir. Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov istirahət günü olmasına baxmayaraq rayonda aparılan tikinti-quruculuq işləri ilə tanış olub. İlkin olaraq rayon rəhbərliyi N.Nərimanov yaşayış massivində təmir olunan binalarda görülən işlərə baxıb. Rayon rəhbərliyi burada görülən işləri yüksək qiymətləndirib, bununla yanaşı bir sıra göstəriş və tapşırıqlarını da verib. Sonra Heydər Əliyev prospektində aparılan abadlıq işlərinə baxan rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov inşaatçıların işindən razı qaldığını bildirib, bir sıra əlavə tapşırıqlar da verib. “Göy bina” deyilən yaşayış massivindəki, eyni zamanda 60 ailəlik və digər çoxmənzilli binalarda da təmir-bərpa işləri günün tələbləri səviyyəsində aparılıb. Adları qeyd olunan və təmir edilən digər binalar da yeni bir görkəm alıb. İcra Başçısı H.Əliyev adına istirahət parkına da baş çəkib, oradakı təmizlik və səliqə-sahmanla da tanış olub. Sonra rayon rəhbərliyi Çaylı kəndinə gəlib, kənddə təmir edilən Şəhidlər Xiyabanında görülən işlərlə tanış olub. Burada bir sıra əlavə işlərin görülməsini tapşırıb. İcra Başçısı daha sonra Kommuna kəndinə çəkilən asfalt yolun çəkilişi ilə də tanış olub. Məlumat verilib ki, kəndə çəkilən 2,6 km uzunluğunda olan yolda lazım gələn bütün hazırlıq işləri görülüb. Yaxın günlərdə yola asfalt salınacaqdır. Kəndin mərkəzində sakinlərlə görüşən İcra Başçısına minnətdarlıq dolu sözlər bildirilib. Sakinlərdən Səhər Qurbanova, Təyyar Saniyev, Zəfər Nağıyev, Eyvaz Məmmədov və başqaları çıxış edərək kəndə asfalt yolun çəkilməsinə görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinləri diqqətlə dinlədikdən sonra İcra Başçısı yaxın günlərdə asfalt yolun açılışını edəcəklərini bildirib. Rayon rəhbərliyi başqa tikintilərlə yanaşı bağçaların əsaslı şəkildə yenidən qurulmasına ciddi nəzarət edir. Ona görə də tez-tez Xanlıqlar və Kosalar kəndlərində əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçalarında olur. Bu gün İcra Başçısı bağçada görülən işlərlə tanış olmaq üçün Kosalar kəndinə gəlib. Təmir-bərpa işlərindən razı qaldığını bildirməklə yanaşı tapşırıq və tövsiyələrini də verib. Qazax rayonu günü-gündən inkişaf edir, gözəlləşir. Qazaxda aparılan tikinti-quruculuq və abadlıq işləri sözün əsl mənasında göz oxşayır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında bu gün qazaxlılar xarüqələr yaradırlar. Elçin İsmayıl Geri qayıt |