Əsas Səhifə > Manşet / Rəsmi > Xalqa xidmət nümunəsi
Xalqa xidmət nümunəsi22-09-2017, 18:21 |
Mən 1974-cü ildən Qazaxda işləyirəm. Bu illər ərzində çox sayda icra başçısı görmüşəm. Lakin Rəcəb Babaşov səviyyədə, alicənab, səmimi, yüksək insani keyfiyyətə malik icra başçısı ilə qarşılaşmamışam. Ulu öndər Heydər Əliyevin söylədiyi “Hər şey xalq üçün” sözlərinə bu gün Qazax rayonunda birmənalı şəkildə əməl olunur. Rəcəb Babaşov Qazaxa gəlişi ilə biz qazaxlılara inam, iman gətirdi. Onun rayon sakinlərinə olan münasibəti fəaliyyətə başladığı ilk günlərdən hiss olunmağa başladı və ən əsası isə odur ki, bu münasibət dəyişmədi, necə vardısa elə də qaldı. Bu da əhalidə böyük ruh yüksəkliyi yaratdı. Rəcəb Babaşovu tanımaq, ona qiymət vermək üçün onun fəaliyyətə hardan başladığına diqqət yetirmək kifayətdir. Hörmətli İcra Başçısı rayonda ilk işə Şəhidlər Xiyabanlarını, şəhid qəbiristanlıqlarını təmir etdirib onların adlarına layiq hala salmaqla başladı. Rayondakı bütün şəhid qəbirləri, xiyabanları əsaslı şəkildə yenidən quruldu. İcra Başçısı bu xeyirxah işləri ilə bütün şəhid ailələrinin ən yaxın üzvü oldu, onların qayğılarını çəkdi. Ona görə də bu gün rayonumuzdakı bütün şəhid ailələri İcra Başçısına öz doğmaları kimi müraciət edirlər. Rəcəb Babaşov Qazaxda uşaqdan böyüyə kimi hamını tanıyır. Ona müraciət edən insanın özünü təqdim etməyə ehtiyacı qalmır. Qaldırılan məsələlərə, problemlərə həssaslıqla yanaşaraq onları həll edir, bu yolda əlindən gələni əsirgəmir. Hətta, o, öz otağındakı televizoru qəbulların birində ona müraicət edən vətəndaşa hədiyyə edib. Bu gün Qazaxa daxil olan hər bir qonağı rayonumuzun girəcəyində qoyulmuş Dilboz atın əzəmətli heykəli qarşılayır. Ordan keçəndən sonra Dədə Qorqud və dahi Səməd Vurğunun adına salınmış parklar göz oxşayır. Buradan da biganə keçmək olmur. Mən dəfələrlə rayonumuza gələn qonaqların, xarici vətəndaşların, gənclərin, gənc ailələrin rayonumuzun ünvanını bildirən Obeleskin, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış Təyyarə Abidə Kompleksinin qarşısında şəkil çəkdirdiklərinin şahidi olmuşam. Bu məni çox fərəhləndirib. Gəlin açıq etiraf edək ki, əvvəllər Qazaxda yaşıllığa bu qədər diqqət verilmirdi. Ağac əkilsə də bir neçə aydan sonra baxımsızlıqdan quruyurdu. Rəcəb Babaşovun sayəsində Qazax yaşıl dona bürünüb. Hər yanda al-əlvan çiçəklər, güllər bir-birini çağırır. Rayonumuz sanki gülüstana dönübdür. Rəcəb Babaşov xalqın adamıdır. O, həmişə camaatın arasında olur, onların sevinclərinə, dərdlərinə şərik çıxır. Ona görə də bu gün şəhərdə, kəndlərdə, Qazaxın hər yerində Rəcəb müəllimi çox səmimi, gülərüzlə qarşılayır, onu özlərinin ən yaxın adamı bilirlər. Çox sağ olsun, böyük saz, söz ustası Dədə Ədalətə yüksək səviyyədə yas mərasimini təşkil etdirməsi bu diqqət və qayğını bir daha sübut etdi. Hamıya məlumdur ki, Qazax rayonunda bütün sahələrə diqqət və qayğı göstərilir. Təhsil, səhiyyə, mədəniyyət, idman, mətbuat, hamısı Rəcəb Babaşovun diqqət mərkəzindədir. Heç bir sahə diqqətdən kənarda qalmır. Bu gün rayonda böyük xəstəxana binası tikilir. Orada gedən tikintiyə cənab başçı şəxsən özü hər gün nəzarət edir. Rayon mərkəzində, kəndlərdə körpələrimiz üçün bağçalar, məktəblər tikilir və təmir olunur. Rəcəb Babaşov mətbuata, yaradıcı insanlara xüsusi diqqət verir. Uzun illər rayonda fəaliyyət göstərən 85 yaşlı “Göyəzən” qəzeti köhnə üsulla, ağ-qara rəngdə çap olunurdu. Bu gün qəzet Rəcəb Babaşovun sayəsində rəngli şəkildə, yeni tərtibatda oxucuların qapısını döyür. Mən çox qəzet oxuyanam. Respublikada “Göyəzən”ə bərabər qəzetlə rastlaşmamışam. “Göyəzən” qəzeti ilə yanaşı, Rəcəb Babaşovun sayəsində GOYEZEN.AZ saytı fəaliyyət göstərir. Mən eşitdim ki, bu yaxınlarda cənab başçı mətbuat işçilərini bir yerə toplayaraq saytın 1 yaşını qeyd edib. Mən bir məsələni də açıq etiraf edəcəm. Qazaxda istər şəhərdə, istərsə də kəndlərdə, haraya gedirsən Rəcəb müəllim ordadır. Bu da onun işgüzarlığından, məsuliyyətindən və işə can yandırmağından irəli gəlir. Ona görə də mübaliğəsiz olaraq deyərdim ki, bu gün Rəcəb Babaşov Qazaxda piyada gəzdiyi yolları əvvəlki icra başçıları maşınla da gəzməyib. O, rayonda hər küçəni, məhləni, kəndlərdə hər cığırı, izi tanıyır. Bu ondan irəli gəlir ki, o, həmişə, hər gün qazaxlıların yanındadır. Yol salmaq, su çəkmək dədə-babadan savab iş sayılır. Rəcəb Babaşov gəldiyi gündən su çəkdirir, yol salır, insanların yaşayış şəraitini yaxşılaşdırmağa çalışır. Canalı, Kosalar, Hüseynbəyli, Çaylı yolu bu gün göz oxşayır. Neçə-neçə kəndlərdə artezian quyuları qazılıb, qeydiyyata alınıb, insanlar içməli və suvarma suyu ilə təmin olunublar. Odur ki, hamı deyir: “Su çəkən, yol salan ömrün uzun olsun”. Rəcəb Babaşovun bilmirəm hansı işindən danışım. Sadaladıqca bitmir, danışdıqca tükənmir. Mən uzun illər Qazaxda yaşamağıma və işləməyimə baxmayaraq özümə qarşı belə diqqət və qayğı görməmişdim. Mənə heç vaxt yüksək kürsüdə yer verilməmişdi. Mən bu hörməti Rəcəb Babaşovdan gördüm. Mənim idman dərsi keçdiyim Məhəmmədəli Qazaxlı adına güləş zalı uzun illər idi ki, yararsız halda idi. Demək olar ki, dərs keçmək mümkün deyildi. İcra Hakimiyyətinin iki addımlığında yerləşən bu zal sanki yaddan çıxmışdı. Halbuki, bu zal neçə-neçə güclü idmançı yetişdirərək Qazaxın, respublikamızın adını daim göylərə ucaldıbdır. Rəcəb Babaşovun sayəsində idman zalı bu gün adına layiq hala salınıb. Zal içəridən və çöldən gözəl görkəm alıb. Baxdıqca göz oxşayır, insanın ürəyi dağa dönür. Rəcəb Babaşovun diqqət və qayğısı məni və yetirmələrimi sevindirir, yeni qələbələr qazanmağa ruhlandırır. Mən həqiqəti deyəcəm. Qazax rayonunda işləmək həm çətin, həm də şərəflidir. Rəcəb Babaşov bu çətin və şərəfli işin öhdəsindən layiqincə gəlir. Bu insan sanki Qazax rayonu üçün doğulub. O, əxlaqı təmiz, vicdanı saf, tamahı olmayan insandır. Bu gün Qazaxda dövlət məmurları, icra işçilərinin, idarə müdirlərinin də siması yaxşı mənada dəyişib. Çünki Rəcəb Babaşov özü belə işləyir və belə də tələb edir. Bu gün rayonda Rəcəb Babaşovun sayəsində dedi-qodu, söz-söhbət birmənalı şəkildə yığışdırılıb. Çünki rayonda hər bir sahə, hər şey şəffafdır. Ona görə də rayon sakinləri, bütün qazaxlılar Rəcəb Babaşovdan artıq dərəcədə razıdırlar. Sözümün sonunda bir ağsaqqal kimi rayon sakinləri, bütün qazaxlılar, idmançılar adından cənab Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Ramiz TAĞIYEV, SSRİ idman ustası, SSRİ-nin Bədən Tərbiyəsi və İdman Əlaçısı, Respublika dərəcəli hakim, Azərbaycanın Bədən Tərbiyəsi və İdman Əlaçısı, Azərbaycanın ali kateqoriyalı məşqçi-müəllimi, Azərbaycanın Fəxri İdman İşçisi, Azərbaycanın Əməkdar Məşqçisi, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi. Geri qayıt |