Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı Vətən müharibəsi şəhidlərinin təltif olunduqları ordenləri ailə üzvlərinə təqdim edib

Qazaxda icra başçısı Vətən müharibəsi şəhidlərinin təltif olunduqları ordenləri ailə üzvlərinə təqdim edib


10-08-2022, 15:01


2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi illər ötsə belə hər zaman qürurla, iftixarla xatırlanacaq. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük savaş örnək və nümunə götürüləcək. O Vətən müharibəsi ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində 44 gündə Azərbaycanın igid, qəhrəman oğulları tarixi torpaqlarımızı işğaldan azad etməklə əsl qəhrəmanlıq dastanı yazdılar. Bu gün ölkə vətəndaşı olaraq hər birimiz tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdarıq.

44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız ölümlərindən sonra orden və medallara layiq görüldülər.

44 günlük Vətən müharibəsində Qazaxın cəsur, qorxmaz oğulları da Şəhidlik zirvəsinə ucalaraq qanları ilə dastan yazdılar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 191 orden və medallarla (onlardan 13-ü orden, 178-i medal) təltif olundu. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 592 orden və medallarla (onlardan 4-ü orden, 588-i medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib.

Avqustun 10-da Vətən müharibəsi şəhidləri - leytenant Yaqubov Mayis Rəhim oğlunun  tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun təltif olunduqları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri şəhidlərimizin ailələrinə təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Anar Nəbiyev şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, ordenləri sahiblərinə çatdırıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin hər zaman bizim fəxr, qürur yerimiz olacağını, bugünkü qələbəmizi, qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyan Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə ömür boyu minnətdar olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini qeyd edib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Anar Nəbiyev Mayis, Adil kimi qəhrəman oğullarımızın şücayəti sayəsində Azərbaycanın dövlət müstəqilliyinin əbədi olduğunu söyləyib. Qanları ilə tarix yazaraq dastana dönən oğullarımızla gələcək nəsillərin daim qürur duyacağını vurğulayıb. 

Övladlarının təltif olunduqları ordenləri qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu qədər də şərəfli, qürurverici olduğunu söyləyiblər. 30 illik həsrətdən sonra Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun ailəsi


Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”“Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun ailəsi


Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlu 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. 


“N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 

 

Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.


25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.  


GOYEZEN.AZ


Geri qayıt