Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi çavuş Elməddin Nəsibovun doğum günündə məzarı ziyarət olunub
Qazaxda Vətən müharibəsi şəhidi çavuş Elməddin Nəsibovun doğum günündə məzarı ziyarət olunub8-08-2022, 15:55 |
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------- 2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyuldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri 44 gündə şanlı tarix yazdılar. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı 44 gün haqqında tarix kitablarında çox yazılacaq. Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Vətən uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalan və daim qəlbimizdə yaşayan igid oğullarımızdan biri də şəhid çavuş Nəsibov Elməddin Yusif oğludur. Bu gün yaşasaydı 39 yaşı tamam olacaqdı igid Vətən oğlunun. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin doğum gününü bu gün ailəsi ilə birlikdə yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, onların əziz xatirələrini ehtiramla anır. Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Elməddin Nəsibovun da cənnətdəki doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, şəhidimizin ailə üzvləri, yaxınları ilə birlikdə şəhidimizin dəfn olunduğu Ağköynək kənd qəbiristanlığında məzarını ziyarət edərək igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib. İgid Vətən oğlunun ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar şəhidimizin evində olub, torpaq uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Rayon rəhbəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışaraq həmin zəfərdə payı olan Elməddin kimi qəhrəman oğullarımızla bu gün hər kəsin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Torpaqlarımızın işğaldan azad olunması ilə şəhidlərimizin qisasının alındığını vurğulayıb. Şəhidlik zirvəsinə ucalan Elməddin tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağını söyləyib. "Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər birimiz üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib. Şəhidin qardaşı İrşad Nəsibov şəhid ailəsi kimi hər zaman Elməddinin ailəsinə göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizin doğum günündə xatirəsinin yad olunmasını Elməddinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Elməddin Nəsibov və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr etdiklərini söyləyib. Çavuş Nəsibov Elməddin Yusif oğlu Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2003-cü ilin aprel ayında tərxis olunmuşdur. 12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək “N” saylı hərbi hissədə “Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. “N” saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb. Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin doğulduğu kənddə evinə gedən yolda adını əbədiləşdirən bulaq inşa olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |