Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Azərsu” ASC-nin Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəisi, Əməkdar mühəndis Məmmədrəsul İlyasovun iştirakı ilə əhalinin su təminatında yaranmış mövcud vəziyyət və bununla bağlı görülmüş işlər müzakirə olunub
Qazaxda “Azərsu” ASC-nin Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəisi, Əməkdar mühəndis Məmmədrəsul İlyasovun iştirakı ilə əhalinin su təminatında yaranmış mövcud vəziyyət və bununla bağlı görülmüş işlər müzakirə olunub26-07-2022, 19:43 |
Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2019-cu ildən başlayaraq Qazax şəhərinin içməli su və tullantı su sistemləri yenidən qurulub. 2022-ci ilin mart ayından başlayaraq işlər başa çatmış, əhali sınaq mərhələsi olaraq yeni suya qoşulmuşdur. Hazırda sınaq mərhələsi həyata keçirilir. Son günlər Qazax şəhəri və ona bitişik olan Ağköynək-Qarapapaq kəndlərində su motorlarında baş vermiş texniki qüsurlar səbəbindən əhalinin içməli su təminatında müvəqqəti fasilələr yaranmışdır. İyulun 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, “Azərsu” ASC-nin Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəisi, “Tərəqqi” medalı ilə təltif olunmuş, Əməkdar mühəndis Məmmədrəsul İlyasovun, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Natiq Əhmədovun, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovun iştirakı ilə rayonda əhalinin su təminatında olan mövcud vəziyyət müzakirə olunub. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində qazılmış subartezian quyusunda, mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə tikilmiş nasos stansiyasında və ümumi tutumu 10 min kubmetr (hər biri 5 min kubmetr) olan su anbarlarında olan mövcud vəziyyət və görülməsi nəzərdə tutulan işlər geniş şəkildə müzakirə edilib. Hazırda mənbədən suyu anbara vuran elektrik nasoslarından 2-nin yeni tipli qurğularla əvəz edildiyi, digər 2 nasosun isə yaxın günlərdə dəyişdiriləcəyi qeyd olunub. Motorlardakı mövcud nasazlığın və suyun verilməsində olan fasilələrin tez zamanda köklü şəkildə həllini tapacağı vurğulanıb. Bundan əlavə, dünəndən etibarən əhalinin su təminatında yaranmış fasilələrin qismən də olsa aradan qaldırıldığı bildirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə əhalinin su təminatı ilə yaranmış problemin qısa müddətdə aradan qaldırılmasında göstərdiyi dəstəyə görə “Azərsu” ASC-nin Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəisi Məmmədrəsul İlyasova minnətdarlığını bildirib. Onun əməyini yüksək qiymətləndirdiyini qeyd edərək rayon ərazisində əhalinin su ilə təminatının yaxşılaşdırılmasında göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla təltif etdiyini söyləyib. Onun öz peşəsinə olan sevgisinin bu gün gənc kadrlara nümunə olduğunu qeyd edib. “Azərsu” ASC-nin Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəisi Məmmədrəsul İlyasov ünvanına söylənilən xoş sözlərə və əməyinə verilən qiymətə görə rayon rəhbərliyinə razılığını bildirib. Bundan sonra da hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb. GOYEZEN.AZ Geri qayıt |