Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda şəhid övladları üçün oyun və əyləncə parkı salınıb

Qazaxda şəhid övladları üçün oyun və əyləncə parkı salınıb


26-07-2022, 13:06

Respublika mətbuatı Qazax haqqında


Qazax şəhərində fəaliyyət göstərən "İstanbul" Ailəvi İstirahət Mərkəzində şəhid övladları üçün yaradılmış "Hüsniyə Mutlu" oyun və əyləncə parkının açılışı olub.

"Çocuk oyunla, dünya çocukla gözəldir!" şüarı altında yaradılmış park təkcə Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinin deyil, canını Vətən üçün fəda edən qəhrəman oğullarımızın bizlərə əmanət olan övladlarına sahib çıxmağımızın əyani göstəricisidir.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Türkiyədən olan qonaqlar - Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun başkanı Mehmet Mutlu, türkiyəli professor Mustafa İlıcalı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk, Osmanlı nəslinin davamçısı, Sultan Abdulhəmidin nəvəsi Orhan Osmanoğlu, Ümraniyə bələdiyyəsinin keçmiş başkanı Hasan Can, İPAR Macəra və Oyun Parkları Dərnəyinin Yönətim Kurulu başkanı Yusuf Daştan, Park kent şirkətinin nümayəndəsi Əmrə Ulusoy, Tanrıkulu şirkətinin sahibi Mustafa Tanrıkulu və başqaları iştirak etmişlər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Rəcəb Babaşov qonaqları və tədbir iştirakçılarını, şəhid ailələrini salamlamış, qardaş Türkiyənin azərbaycanlı körpələrə, xüsusilə şəhid övladlarına böyük töhfəsi olan oyun və əyləncə parkının yaradılmasında əziyyəti keçənlərə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

Sonra Mehmet Mutlu, Zeki Öztürk, Orhan Osmanoğlu, Mustafa İlicalı, Yusif Dastan, eləcə də Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonunun Azərbaycan başkanı, "İstanbul" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Zaur Əhmədov, Vətən müharibəsi şəhidləri İzzət Həmidovun anası Vəfa İsmayılova və gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış etmişlər.

Parkın açılışını bildirən qırmızı lent kəsildikdən sonra park şəhid övladlarının, tədbirə qatılan fidanların ixtiyarına verilmişdir.

S.ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

26 iyul 2022-ci il


https://www.azerbaijan-news.az/uploads/documents/pdf/1-8pdf-1658781461.pdf


Geri qayıt