Əsas Səhifə > Manşet / Rəsmi > YAP Qazax Rayon Təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd olunub
YAP Qazax Rayon Təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd olunub22-07-2022, 18:18 |
Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya Prezident İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır. 1993-cü il iyul ayının 24-də Qazaxda YAP Rayon Təşkilatının təsis konfransı keçirilib. Həmin gündən başlayaraq 29 ildir ki, təşkilat çətin və eyni zamanda şərəfli bir yol keçib. İyulun 22-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya veteranları, ərazi partiya təşkilat sədrləri, partiya veteranı, neftçi-şair Zaməddin Ziyadoğlu, YAP üzvlük vəsiqələrinin təqdim olunacağı gənclər, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, ölməz şəxsiyyətə olan ehtiramlarını bildiriblər.
Sonra YAP Qazax Rayon Təşkilatının iclas zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya və təşkilat üzvlərinin, 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı işğaldan azad edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şirin canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev giriş sözü ilə çıxış edərək rayon rəhbərliyini və tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Ulu Öndərin, onun qurucusu olduğu YAP-ın Azərbaycanın yeni tarixini yazdığını, xalqımızı sabit inkişaf yoluna çıxardığını, ictimai-siyasi sabitliyi bərqərar etdiyini bildirib. Ulu Öndərin rəhbərliyi altında vaxtında qurulmuş düzgün daxili və xarici siyasət sayəsində Azərbaycanın bu gün uğurlu addımlarla irəliyə doğru getdiyini söyləyib. Azərbaycanı durmadan inkişaf yolunda aparan insanın isə dahi şəxsiyyətin layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bundan sonra da dahi şəxsiyyətin, böyük insanın ideyalarının yaşayacağını vurğulayıb. Ulu Öndərin YAP haqqında səsləndirdiyi “Mən sizinlə bərabər fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm və onun sədriyəm. Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər” dəyərli fikrini çatdıran A.Nəbiyev bunun bu gün həqiqət olduğunu, partiya sıralarında olan insanların yanılmadıqlarını qeyd edib. İllər öncə partiya sıralarında yer alan insanların bu gün bir yolla – Ulu Öndərin qoyduğu yolla, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfərlərlə dolu olan bir yolla getdiyini vurğulayıb. Yeni yarananda 110 nəfəri ətrafında birləşdirən YAP Qazax Rayon Təşkilatının ötən 29 il ərzində çətin, keşməkeşli sınaqlardan keçdiyini, sıralarını gündən-günə genişləndirdiyini bildirib. Bu gün rayon təşkilatının 10514 nəfər üzvünün olduğunu bildirib. Bundan əlavə, 73 nəfərin YAP sıralarına qoşulmaq üçün müraciət etdiyini bildirib. Son 5 ayda 337 nəfərin partiya sıralarında yer aldığını, onlardan 257 nəfərin gənclər olduğunu, 4 yeni ərazi partiya təşkilatının yaradıldığını diqqətə çatdırıb. A.Nəbiyev sonda dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın gündən-günə qüdrətlənməsi, daha da təşkilatlanması və dövlətimizə öz töhfəsini verməsi üçün bundan sonra da böyük səylə çalışacaqlarını qeyd edib, bu yolda hər kəsə uğurlar arzulayıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, YAP Qazax Rayon Təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə səmimi ürək sözlərini çatdırıb. İcra başçısı qeyd edib ki, müstəqil Azərbaycanın keçmişi, dünəni və bu günü, eləcə də gələcəyi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İstər SSRİ, istərsə də sonrakı dövrlərdə Azərbaycanın inkişafında, iqtisadi, sosial, ictimai, siyasi, eləcə də bütün sahələrdə əldə edilən uğurlarda Ümummilli Liderin danılmaz əməyi olduğunu vurğulayıb. Bugünkü Azərbaycanın dünya dövlətləri arasında güclü, müstəqil dövlət kimi söz sahibi olmasında, xalqımızın qürurlu xalq kimi dünya xalqları arasında seçilməsində dahi şəxsiyyətin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bu gün Ulu Öndərin aramızda olmasa belə onun yürütdüyü düzgün, dəqiq, düşünülmüş siyasətinin onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi icra edilməsi nəticəsində ölkəmizin gündən-günə daha da inkişaf etdiyini, dahi şəxsiyyətin arzuladığı Azərbaycanın var olduğunun şahidi olduğumuzu qeyd edib. Bu gün iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə, eləcə də digər sahələrdə olan inkişafın təməlində dahi şəxsiyyətin yürütdüyü dövlət siyasətinin Prezident, YAP-ın sədri İlham Əliyev tərəfindən olduğu kimi icra edilməsinin, dayandığını söyləyib. İcra başçısı qeyd edib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi və artıq illərdir ki, biz xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi oluruq. Xüsusilə də Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində bir daha şahidi olduq. Xalq-iqtidar birliyindən söz açan icra başçısı bunu 44 günlük Vətən müharibəsində xalqımızın ölkə rəhbərinin ətrafında bir yumruq kimi birləşməsində bir daha gördüyümüzü söyləyib. Rayon rəhbəri effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət sayəsində Azərbaycanın Qalib ölkəyə çevrildiyini bildirib. Bu Qələbənin müəllifinin isə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev olduğunu qeyd edib. Ən əsası da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun əldə etdiyi zəfərlə Ulu Öndərin Kəlbəcərə, Şuşaya, eləcə də digər işğal altında olan torpaqlarımıza qayıdacağıq arzusunun reallaşdığını, bu gün işğaldan azad olunmuş topaqlarımızda, şəhər və kəndlərimizdə üçrəngli Azərbaycan Bayrağının dalğalandığını söyləyib. Partiya veteranlarından Çingiz Pənahov, Bəsti Ələkbərova, Kazım Kazımlı, Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçası Ərazi partiya təşkilatının sədri Aynurə Abbasova çıxış edərək YAP-ın yaranma tarixindən danışıb, tarixi zərurətdən yaranan, əsası Ümummilli Lider tərəfindən qoyulan bir partiyanın üzvü olmaqdan, qalib ölkənin vətəndaşı olmaqdan qürur duyduqlarını bildiriblər. Azərbaycan tarixinin 50 ilə yaxın bir müddətinin, xüsusilə də YAP-ın yaranmasının, təşkilatlanmasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. YAP-ın fəallarının yüksək səviyyədə fəaliyyət göstərməyə qadir olduqlarını söyləyiblər. Daha sonra YAP Qazax Rayon Təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xidmətləri olan veteran partiya üzvlərinə Fəxri Fərmanlar, YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə isə üzvlük vəsiqələri təqdim edilib. Sonda Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Təhminə İsmayılova, Fidan Qurbanlı, Afiq Qasımlı, Hidayət Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim ediblər.
GOYEZEN.AZ Geri qayıt |