Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Qurban bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda Qurban bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi açılıb8-07-2022, 22:40 |
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsindən qalib kimi ayrılan xalqımız bu günlərdə İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramını qeyd etməkdədir. Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir. Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Hər bayram və əziz günlərdə rayonumuzda olan bütün şəhid ailələri anılır, onlara maddi və mənəvi yardımlar göstərilir. Bütün bayram və əziz günlərdə olduğu kimi, Qurban bayramı ərəfəsində də Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri unudulmayıb, onlar üçün bayram süfrəsi açılıb. Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonumuzda qonaq olan Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, qardaşı Fərrux Şıxlı, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri, yaxınları, doğmaları, ata, anaları, övladları iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına yasin oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir-bir bayram süfrəsi açılmış stollara yaxınlaşaraq şəhid ailələrini müəqddəs Qurban bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı, tez zamanda sağalmalarını arzu edib. Qalib dövlətin qalib xalqı olaraq bütün müsəlman dünyasının müqəddəs bayramı olan Qurban bayramını alnıaçıq, üzüağ qeyd etmək imkanını yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu vurğulayıb. Rayon rəhbəri bugünkü bayram tədbirinə dəvəti qəbul edib gəldiklərinə görə şəhid ailələrinə razılığını bildirib.
Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələri və qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək olduğunu qeyd edən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə bayram süfrəsi ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, 339 nəfər şəhid verib. Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 nəfəri "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 191 orden və medallarla (onlardan 13-ü orden, 178-i medal) təltif olunub. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 592 orden və medallarla (onlardan 4-ü orden, 588-i medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib. Bala Çaylı kəndindən olan mayor Nicat Bədəlov isə "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
GOYEZEN.AZ Geri qayıt |