Hörmətli həmvətənlər!
Sizi və Azərbaycandan kənarda yaşayan bütün
soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan
müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi
arzu və diləklərimi yetirirəm.
Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi
qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah
sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm
etdirir.
Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə
bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini
qoruyub saxlamışdır. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən
dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və
ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin
tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.
Azərbaycanın müstəqilliyi uğrunda və əzəli
torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin
ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan
rəhmət, yaxınlarına səbir diləyirəm.
Əziz bacı və qardaşlarım!
Ümidvaram ki, etdiyiniz dua və niyyətlər Tanrı
dərgahında qəbul olunacaq, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın,
şəfqət və mərhəmətin təntənəsinə çevrilərək, cəmiyyətimizdə milli-mənəvi
həmrəylik ovqatını daha da gücləndirəcəkdir.
Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq,
süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 2022-ci il
Geri qayıt
|