Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir

Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir


14-09-2017, 11:30
Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir
Qazax rayonunda bütün sahələrdə olduğu kimi, təhsildə də böyük uğurlar qazanılıb. Bu da təsadüfi deyil. Qazax mahalının uzunəsrlik təhsil ənənələri vardır. Hələ ötən əsrin əvvəllərində Qazaxda yerləşən Müəllimlər Seminariyasından respublikamızın demək olar ki, bütün bölgələrinə ziyalı nuru işıq saçıb. Qazaxda həmin ənənə bu gün də davam edir. Bunu rayonda təhsil sisteminin durmadan inkişaf etməsindən, ön sıralarda dayanmasından və ildən-ilə artan uğurlarından daha aydın görmək olar. Bütün bunlar barədə müəllimlərin ənənəvi sentyabr konfransında daha ətraflı söhbət açıldı.
Qazax Gənclər Mərkəzinin akt zalında keçirilən tədbirin iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Dövlət Himni səsləndikdən sonra Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etdi. Qeyd etdi ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhsil sistemi özünün yeni dövrünü yaşayır. Dövlət başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda təhsil müəssisələri şəbəkəsi daha da genişləndirilir, yeni məktəb binaları tikilir, onların maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinə daha yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu gün təhsil sahəsində əldə edilən nailiyyətlər, qazanılan uğurlar dövlətin bu sahəyə göstərdiyi dəstəyin bəhrəsidir.
Konfransda Təhsil Nazirliyinin məsul əməkdaşları, təhsil ictimaiyyətinin təmsilçiləri iştirak edirdilər.
Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı geniş hesabat məruzəsi ilə çıxış edərək 2016-2017-ci tədris ilində qazanılan uğurlardan, həyata keçirilən tədbirlərdən danışdı. Qeyd etdi ki, ötən tədris ilində rayonda əldə edilən uğurların bünövrəsində ölkə başçısının tapşırıqlarını ləyaqətlə yerinə yetirən İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun təhsilə göstərdiyi diqqət və qayğı dayanır. Rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılmış işçi qrupunun fəaliyyəti isə təqdirəlayiqdir. İşçi qrupunun gərgin zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti yüksəlmiş, müəllimlərin keçdikləri dərslərin keyfiyyəti artmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2016-2017-cı tədris ilində 777 nəfər məzun olmuşdur ki, onlardan 432 nəfər ali məktəblərə sənəd vermiş və sevindirici haldır ki, 264 məzun ali məktəblərə qəbul olmuşlar. Bunlardan 58 məzun 500-dən, 14 məzun isə 600-dən çox bal toplayıb.
Məruzə ətrafında çıxışlar oldu. Məktəb liseyin direktoru Tahirə Comərdova, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru, diaqnostik qiymətləndirmədə ən yüksək nəticə - 60 bal toplamış Söylü Xəlilova rəhbərlik etdikləri məktəblərdə qazanılan uğurlardan danışdılar.
Yuxarı Salahlı kənd tam orta məktəbin məzunu, qəbul imtahanlarında 631 bal toplamış Orxan Qayıbov öz çıxışında Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova onlara göstərdiyi diqqət və qayğıya görə bütün məzunlar adından minnətdarlığını bildirdi. Canalı kənd tam orta məktəbin fransız dili müəllimi, müəllimlərin işə qəbulunda ən yüksək (57 bal) nəticə əldə etmiş Türkan Cəfərova söz alaraq işə qəbul prosesindən danışdılar.
Təhsil Nazirliyinin baş məsləhətçisi İsaq Məmmədov çıxış edərək təhsilin bugünkü vəziyyətini təhlil etdi, yeniliklərdən, aparılan islahatlardan ətraflı söz açdı.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olundu.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
14 sentyabr 2017-ci il

Geri qayıt