Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının iyun ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Aslanbəyli kəndində olub

İcra başçısının iyun ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Aslanbəyli kəndində olub


23-06-2022, 21:17

Bu gün hər kəsə yaxşı məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bunu ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdən aydın şəkildə görmək olur. Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından etibarən Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə bərpa edilən səyyar qəbullar da bu məqsədə xidmət edir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar görüş iyunun 23-də Qazaxın Aslanbəyli kəndində olub.

Qazax rayon Aslanbəyli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər diqqətə çatdırılıb. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. "Uzun fasilədən, pandemiyadan sonra səyyar görüşləri yenidən bərpa etdik”, - deyən icra başçısı keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. Şəhərdə, eləcə də kəndlərdə sakinlərlə keçirilən səyyar görüşlərin bir məqsədə - vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini qeyd edib. Ən əsası da kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı bütün kəndlərimiz kimi, Aslanbəyli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ mühharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində şəhid verdiyini bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Aslanbəyli kəndindən 106 nəfərin iştirak etdiyini, onlardan 76 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, əldə edilən tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunmuş, Aprel döyüşlərinin şəhidi Əliyev Orxan Məhəmməd oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aslanbəyli kəndinin qəhrəman oğlu şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun göstərdiyi şücaətin gələcək nəsillərə örnək olacağını vurğulayıb. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.  

 

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Aslanbəyli kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Aslanbəyli kəndində əkin sahəsinin 762 hektardan 1549 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Aslanbəyli kəndində də xeyli işlər görüldüyünü bildirib. Son illər rayonun bütün kəndlərində olduğu kimi, Aslanbəyli kəndində də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Aslanbəyli kəndində mövcud olan sudan qənaətlə, səmərəli istifadə edilməsi üçün gündüz və gecə növbəliyinin təşkil olunduğunu, suvarma ilə bağlı reydlər aparıldığını vurğulayıb.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 17 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 4 nəfərin şəhid ailəsi, 2 nəfərin müharibə əlili, 11 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Aslanbəyli kəndində də SİP kabelləşmə işinin davam etdiriləcəyini qeyd edib.

 

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.  Sakinlərdən Məzahir Yaqubov, Mahir Musayev, Hava Barıyeva və başqaları onlarla görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən də Aslanbəyli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər. 

Aprel şəhidi Orxan Əliyevin atası Məhəmməd Əliyev, Vətən müharibəsi şəhidi kiçik gizir Sərxan Mustafayevin atası İslam Mustafayev çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər. Ailələrinin timsalında həmin qayğını daim hiss etdiklərini qeyd ediblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Güləndam Qəhramanovanın evinə gedən elektrik xətlərinin təmirinə köməklik göstərilməsi, Niyar Əhmədovanın qohumu, II qrup əlil, Aslanbəyli kənd sakini Mehdiyeva Sədaqət Əhməd qızına maddi yardım göstərilməsi, Ramilə Piriyevanın Vətən müharibəsində iştirak etmiş oğluna veteran statusunun verilməsi, Asif Seyidovun kənd məscidində isti döşəmə sisteminin quraşdırılmasına köməklik olunması, Vüqar Yaqubovun işlə təmin olunmasına köməklik göstərilməsi, Saday Əhmədovun kənddə 160 ailənin içməli və məişət suyu ilə təmin olunması üçün kənddə yeni subartezian quyusunun qazılması, Tükəzban Hacınəbiyevanın əlillik müddəti bitən həyat yoldaşının yenidən əlillik təyin olunduğundan ötürülmüş müddətin nəzərə alınması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.




















GOYEZEN.AZ


Geri qayıt