Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda hüquq-mühafizə orqanları rəhbərlərinin və məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib

Qazaxda hüquq-mühafizə orqanları rəhbərlərinin və məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib


9-06-2022, 21:46

İyunun 9-da Qazaxda hüquq-mühafizə orqanları rəhbərlərinin, ali və orta təhsil müəssisələri rəhbərlərinin və məktəb direktorlarının iştirakı ilə son dövrlər yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, erkən nikahın qarşısının alınmasına həsr olunmuş geniş tərkibdə müşavirə keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov və əməkdaşlarıRİH başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri iştirak ediblər.

 

Müşavirəni giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı ötən gün rayonun Kosalar kəndində azyaşlı qıza toy mərasiminin keçirilməsinin qarşısının alındığını, icra nümayəndəsinin isə sözügedən hadisə ilə əlaqədar vaxtında aidiyyəti üzrə məlumat vermədiyi üçün tutduğu vəzifədən azad edildiyini bildirib. İcra başçısı şəhər və kəndlərdə keçirilən səyyar görüşlər zamanı, eləcə də məktəblərdə aparılan maarifləndirmə tədbirlərində erkən nikahın qarşısının alınması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verilməsinə baxmayaraq bu gün rayonda bu cür hadisənin baş verməsini xoşagəlməz hal kimi təəssüf hissi ilə qeyd edib. İcra başçısı baş vermiş hadisə ilə bağlı ciddi iradlarını bildirərək erkən nikaha göz yuman, tutduğu vəzifədən sui istifadə edən hər bir dövlət məmurunun tutduğu vəzifədən azad ediləcəyini, kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında cinayət məsuliyyəti daşıdığını vurğulayıb. İcra başçısı yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına və erkən nikaha qarşı hər kəsin barışmaz mövqe nümayiş etdirməli olduğunu, dövlətimiz tərəfindən erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərə, bu sahədə aparılan mübarizə tədbirlərinə dəstək göstərməli olduğunu diqqətə çatdırıb. 

İcra başçısı ölkə Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan da danışıb. Bçoxşaxəli Milli Fəaliyyət Planının fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət etdiyini, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaratdığını qeyd edib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə hazırlanmış Tədbirlər Planının 6.2. bəndində əksini tapan təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb. İcra başçısı bildirib ki, bu gün dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss ediriksə, bizim də üzərimizə bir məsuliyyət düşür ki, rayonda təhsilin keyfiyyətini artırmaq, ən əsası da təhsil işçilərinə olan etimadı doğruldaraq bu sahədə olan şəffaflığı təmin etməkdir. Ölkə rəhbərinin bu sahədə qarşıya qoyduğu məqsəd və vəzifələrə daim dəstək olmaq, rayonda təhsil sahəsində bu günə qədər olan şəffaflığı olduğu kimi qoruyaraq öz töhfəmizi verməkdir.

 

Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan dövlətinin prioritet sahələrindən biri gənclərimizin düzgün tərbiyə olunması, savadlı vətəndaş olaraq formalaşmasıdır. Polis rəisi ziyalılar yurdu olan Qazaxda erkən nikaha yol verilməsi hallarının olmasını təəssüf hissi ilə qeyd edərək hüquq-mühafizə orqanları tərəfindən bu sahədə məqsədyönlü tədbirlərin görüldüyünü bildirib. S.Əsədov valideynlərin azyaşlı övladlarını erkən nikaha məcbur etməklə onların bütün həyatını, gələcəyini məhv etdiklərini qeyd edib. Kimliyindən asılı olmadan bu cür hallara göz yuman, görməməzlikdən gələn hər bir şəxsin qanun qarşısında valideynlər qədər məsuliyyət daşıdığını diqqətə çatdırıb. 

Qazax rayonu Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, Qazax rayonu İsmayıl Şıxlı adına  Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov, Qazax şəhər Mehdi Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin direktor əvəzi Leyla Allahverdiyeva çıxış edərək bugünkü müşavirənin yerində keçirilən bir tədbir olduğunu qeyd ediblər. Müşavirədə səslənən fikirlərdən, deyilən iradlardan müsbət mənada nəticə çıxarılmasını bildiriblər.   

Son günlər baş vermiş hadisə ilə bağlı sonda bir daha iradlarını bildirən icra başçısı gələcəkdə bu cür halların baş verəcəyi təqdirdə kimliyindən, tutduğu vəzifədən asılı olmadan hər kəsi eyni aqibətin gözlədiyini qeyd edib. Rayon rəhbəri məktəblərdə erkən nikaha qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, valideynlərlə maarifləndirici söhbətlərin aparılması, azyaşlıya nişan və ya toy mərasimlərinin keçirilməsi ilə bağlı məlumat əldə etdikləri halda dərhal hüquq-mühafizə orqanlarına bildirilməsi, çətin tərbiyə olunan şagirdlər haqqında məlumatların təqdim olunması, son zəng tədbirlərinin nəzarətdə saxlanılması ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.




 

GOYEZEN.AZ


Geri qayıt