Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Alpout və Dəmirçilər kəndlərində ipəkqurdu toxumunun mövcud vəziyyəti ilə yerində tanış olub

İcra başçısı İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Alpout və Dəmirçilər kəndlərində ipəkqurdu toxumunun mövcud vəziyyəti ilə yerində tanış olub


14-05-2022, 14:24


Son illər ölkəmizdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Xüsusən də "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr uğurla icra olunur. Respublikamızın digər bölgələrində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Bu il artıq yeddinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ildə kümçülər tərəfindən 2800 kq yaş baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı SalahlıAslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 70 qutu ipəkqurdu toxumu paylanılıb.

Mayın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı SalahlıAlpout, Dəmirçilər kəndlərində olub, ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, artıq baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Belə ki, əksər kəndlərdə ipəkqurdları dördüncü yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra ipəkqurdları barama sarımağa başlayacaqlar. Bir müddət sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini qiymətləndirə biləcək. Beşinci yaşda bəsləmə tədbirləri barədə danışan kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə, kümxanada xəstəlik yarana bilər. Kümçülər ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən tələb olunan bütün hazırlıq işlərinin görüldüyünü, otaqların lazımi istiliklə təmin edildiyini, yem bazasının da kifayət qədər olduğunu vurğulayıblar. Kəndlərdə barama yetişdirən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.

"İpəkqurdunun bəslənilməsi məsuliyyət tələb edir, əziyyət çəksək də qısa müddətdə çəkdiyimiz zəhmətin bəhrəsini görəcəyik”, - deyən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışdıqlarını qeyd ediblər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.

İkinci Şıxlı kəndi





Birinci Şıxlı kəndi




Yuxarı Salahlı kəndi



Alpout kəndi



Dəmirçilər kəndi


GOYEZEN.AZ


Geri qayıt