Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb
Qazaxda şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb21-04-2022, 22:15 |
Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız illər ötsə belə, bizim aramızda olmasalar belə hər zaman ürəklərimizdə əbədi yaşayacaqlar. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, 339 nəfər şəhid verib.
Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 nəfəri "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Vətən müharibəsində 5 nəfər "Azərbaycan Bayrağı” ordeni, 2 nəfər "Qarabağ” ordeni, 4 nəfər 3-cü dərəcəli "Rəşadət” ordeni, habelə 49 nəfər müxtəlif adda 189 ədəd orden və medallarla təltif ediliblər. Vətən müharibəsində iştirak edən 242 nəfər hərbi qulluqçu 591 ədəd orden və medallarla təltif olunublar. Bala Çaylı kəndindən olan mayor Nicat Bədəlov isə "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşənin yaradılması, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan Abidə Kompleksi və ətrafında salınmış park şəhidlərimizə olan hörmət və ehtiramın göstəricisidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən 12 küçəyə - 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adlarının verilməsi şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən işlərdəndir.
Qazaxda şəhidlərimizin ruhu
daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən
şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və
yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından
maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız
işlər görür. Bütün bayram və əziz günlərdə olduğu kimi, Ramazan bayramı ərəfəsində də şəhid ailələri, müharibə əlilləri, iştirakçıları unudulmayıb. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün iftar süfrəsi açılıb. "Qazax” şadlıq sarayında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri, yaxınları, doğmaları, ata, anaları, müharibə əlilləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı Nəsimi Kamaloğlu bayram tədbirini açıq elan edərək qonaqları salamlayıb, mübarək Ramazan bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına yasin oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, müharibə əlillərini və iştirakçıları salamlayıb, 11 ayın sultanı olan müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş ürək sözlərini çatdırıb. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı, tez zamanda sağalmalarını arzu edib. Qalib dövlətin qalib xalqı olaraq bütün müsəlman dünyasının müqəddəs bayramı olan Ramazan bayramını alnıaçıq, üzüağ qeyd etmək imkanını yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu vurğulayıb. Rayon rəhbəri bugünkü bayram tədbirinə dəvəti qəbul edib gəldiklərinə görə şəhid ailələrinə, qazilərimizə razılığını bildirib.
"Əziz şəhid anaları, ataları, ailələri dövlət hər zaman sizin yanınızdadır. Ölkə Prezidenti çıxışlarında, işğaldan azad edilmiş torpaqlara etdiyi səfərlərində şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban Əliyeva qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə bayram süfrəsi ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Qazaxda şəhid ailələri, qazilərimizlə bağlı görülmüş işlərdən söz açan aparıcı N.Kamaloğlu qeyd edib ki, 38 nəfər şəhid ailəsi, 20 nəfər yaralı hərbi qulluqçu, 4 nəfər Vətən müharibəsi iştirakçısı işlə təmin edilib. 14 nəfər şəhid ailəsi isə yaxın günlərdə işlə təmin ediləcəkdir. Aprel döyüşlərinin 6-cı ildönümü ərəfəsində rayon rəhbərliyi tərəfindən Aprel şəhidlərinin məzarları ziyarət olunmuş, şəhidlərimizin döyüş yolu haqqında Azərbaycan Dövlət Televiziyası tərəfindən qısametrajlı film çəkilib. Qazax rayonundan şəhid olmuş 51 nəfər Vətən müharibəsi şəhidindən 46 nəfəri haqqında Azərbaycan Dövlət Televiziyası tərəfindən və digər telekanallar tərəfindən qısametrajlı filmlər hazırlanıb və bu proses davam etməkdədir. Özünüməşğulluq Proqramı çərçivəsində 38 nəfər şəhid ailəsi, 64 nəfər qazi və qazi ailəsi aktivlərlə təmin edilib. O cümlədən, 46 nəfər Vətən müharibəsi şəhidlərinin ailələri, 27 nəfər Vətən müharibəsi əlili Rayon İcra Hakimiyyətində imtiyazlı şəxslərin mənzil növbəliyində qeydiyyata alınıblar. Vətən müharibəsi şəhid ailələrindən 3 nəfərin mənzili tikilib yekunlaşmaq üzrədir. "YAŞAT” Fondu tərəfindən 51 nəfər Vətən müharibəsi şəhid ailəsinə və 46 nəfər yaralı hərbi qulluqçuya ianələr edilib. Bundan əlavə, Vətən müharibəsində sağlamlığını itirmiş 4 nəfər Vətən müharibəsi əlilindən 2 nəfəri protez gözlə və digər 2 nəfəri Türkiyə Respublikasında müalicə aldıqdan sonra Vətənə qayıdıblar. Aparıcı 1990-cı il martın 23-dən 24-nə keçən gecə mənfur ermənilər tərəfindən törədilmiş Bağanıs Ayrım faciəsi barədə məlumat verib. Bağanıs Ayrım kəndi Qazax rayonunun Əskipara inzibati ərazi vahidində yerləşir, kəndin yaranma tarixi XVIII əsrin əvvəllərinə gedib çıxır. Bağanıs Ayrım kəndi ilk dəfə Qazax qəzasının Kəmərli kəndi ilə Balakəndi arasındakı ərazidə yaranmışdır. Ayrımların Seyidli qoluna aid olan 102 ailənin burada məskunlaşması təqribən 1800-cü ilə qədər davam etmişdir. Bağanıs Ayrım kəndi qonşuluqdakı erməni Boğanis Ayrım, yəni Boğanisin yanındakı Ayrım kəndi adlandırılımışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 5 iyul 2000-ci il tarixli 904-IQ nömrəli Fərmana uyğun olaraq Qazax rayonu üzrə edilmiş dəyişikliyə əsasən Aşağı Əskipara kənd inzibati ərazi vahidi tərkibindəki Boğanis Ayrım kəndi Bağanıs Ayrım kəndi adlandırılmışdır. Coğrafi cəhətdən Bağanıs Ayrım əsasən erməni torpaqları ilə sərhəddir. Şərq istiqamətində Aşağı Əskipara kəndi ilə asfalt yolla birləşən və 3 km məsafədə aralı olan, Quşçu Ayrımdan dağlar vasitəsilə ayrılır. Kənd bir tərəfdən Noyemberyan rayonunun Qoşqatan kəndi ilə, digər tərəfdən isə erməni Boğanis kəndi ilə həmsərhəddir. Kənd rayon mərkəzindən 30 km aralıda yerləşir. İdarəetmə cəhətdən kənd Aşağı Əskipara inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxildir. Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə öncədən təşkil edilən plan əsasında hücuma məruz qalmış, həmin ilin avqust ayında tamamilə işğal edilmişdir. Azərbaycanın ilk işğal edilən kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı 10 nəfər, onlardan 6 nəfəri (Əsliyeva Pakizə Qulu qızı, Əsliyeva (Əsgərova) Havaxanım Dədəş qızı, Əsliyeva (Adıgözəlova) Aliyə Dədəş qızı, Məhərrəmov Alməmməd Gülməmməd oğlu, Adıgözəlov Hafiz Ramiz oğlu) bir ailənin üzvi olmaqla diri-diri yandırılaraq qətlə yetirilmiş, 15 nəfər isə yaralanmışdır. Şəhidlərdən böyüyünün 75 yaşı, ən kiçiyi isə 39 günlük körpə olmuşdur. Həmin şəhidlər 25 martda Bağanıs Ayrım kəndində dəfn olunmuşlar. Bağanıs Ayrım kəndinin əhalisi Qazax rayonunda və respublikanın digər rayon və şəhərlərində məskunlaşıblar. Məcburi köçkünlərin məskunlaşdığı Şəhidlər Xiyabanı küçəsi Çay evinin yanındakı binada, Qazax şəhəri Bakı küçəsi Əyirici fabrikin uşaq bağçasında və yataqxanasında Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təmir bərpa işləri aparılmışdır. Belə ki, binaların dam örtüyü dəyişdirilmiş, bloklar təmir olunmuş, blokların giriş hissəsinə dəmir qapılar qoyulmuş, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənmiş, bundan əlavə, binadaxili su və kanalizasiya xətlərinin çəkilməsi, binalarla yanaşı həyətdə olan qarajların da dam örtükləri dəyişdirilmişdir. Hazırda 01.01.2022-ci il tarixə olan məlumata əsasən kənddə ailə sayı - 144, əhali isə 689 nəfərdir. Bağanıs Ayrım faciəsi AZTV-də işıqlandırılmışdır. İftar süfrəsi ətrafında onbir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb. İcra başçısı bir-bir bayram süfrəsi açılmış stollara yaxınlaşaraq şəhid ailələrini, qazilərimizi təbrik edib. Bayram tədbirində bir qrup Vətən müharibəsi şəhidinin ölkə Prezidentinin müvafiq Sərəncamları ilə təltif olunduqları medallar ailələrinə təqdim olunub. Leytenant Məmmədov Məhəmməd Zakir oğlunun təltif olunduğu "Suqovuşanın azad olunmasına görə” medalı atasına, gizir Məmmədov Turan Nadir oğlunun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə” medalı atasına, kiçik gizir Mədətov Röyal Şahin oğlunun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə” medalı anasına, çavuş Kərimov Kamil Ələddin oğlunun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə” medalı anasına, əsgər Allahverdiyev Sakit Şahin oğlunun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları şəhidin anasına, əsgər Əliyev İlkin Bəxtiyar oğlunun təltif olunduğu "Laçının azad olunmasına görə” medalı atasına təqdim edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov medalları şəhidlərin ailələrinə təqdim edərək övladları ilə nəinki doğma Qazax elinin, bütün Azərbaycan xalqının qürur duyduğunu bildirib.
GOYEZEN.AZ Geri qayıt |