Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlarla keçirilən növbəti səyyar görüş Yuxarı Salahlı kəndində olub

Vətəndaşlarla keçirilən növbəti səyyar görüş Yuxarı Salahlı kəndində olub


21-04-2022, 18:12

Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, bu gün ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Ölkə rəhbərliyi tərəfindən vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuru üçün örnəkdir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin yenidən bərpa olunmasının təməlində də məhz bu amil dayanır.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Növbəti səyyar görüş aprelin 21-də rayonun Yuxarı Salahlı kəndində keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi səyyar görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi dövlət qayğısından söz açılıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bugünkü səyyar görüşün əsas məqsədinin hər zaman olduğu kimi, vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə  əbədi həkk olunduğunu qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan üç nəfərin Yuxarı Salahlı kəndindən olduğunu bildirib. Bütün şəhidlərimizin xalqımızın, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. İcra başçısı rayonda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açaraq şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən işlərin bariz nümunəsi olaraq qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşənin yaradılmasını, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan Abidə Kompleksini, ətrafında salınmış parkı şəhidlərimizə olan hörmət və etiramın göstəricisi kimi qiymətləndirib.


Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışan icra başçısı həmin işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda yer aldığını söyləyib. Qeyd edib ki, məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə rayonda COVID-19 xəstəliyindən 72 nəfər dünyasını dəyişib. Ağır günlərin arxada qaldığını, bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini vurğulayıb. 

Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, 2016-cı ildə əkin sahəsi 16520,6 hektar təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 20255,3 hektar nəzərdə tutulub. Bu, həm kənd təsərrüfatının inkişafı, həm də yeni iş yerlərinin yaradılması deməkdir.

 

"Bütün kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də hər zaman çalışmışıq ki, qaldırılan məsələlərə həssaslıqla yanaşaq”, - deyən icra başçısı bugünkü görüşün kökündə də vətəndaş məmnunluğunun dayandığını vurğulayıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

"Bugünkü görüşün məqsədi siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Yuxarı Salahlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.

 

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Nazim Bayramovun kənddə 8 ədəd qəzalı vəziyyətdə olan elektrik dayağının yenisi ilə əvəz olunması, Abdulla Məmmədovun kənddə yeni salınmış məhəllədə 80 ailənin içməli və məişət suyu ilə təmin olunması məqsədilə yeni subartezian quyusunun qazılması, Eldar Kəlayevin yeni salınmış məhəllədə 80 ailənin keyfiyyətli elektrik enrjisi ilə təmin olunması məqsədilə yeni transformatorun qoyulması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 



 

GOYEZEN.AZ


Geri qayıt