Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda 2022-ci ilin suvarma mövsümünün başlanması ilə bağlı müşavirə keçirilib

Qazaxda 2022-ci ilin suvarma mövsümünün başlanması ilə bağlı müşavirə keçirilib


18-04-2022, 23:16


Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Qazax Melioservis İdarəsinin rəisi Fərman Nağdalıyev, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) direktorları, kənd ağsaqqalları iştirak ediblər.


 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbəri hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. 

İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, bugünkü müşavirənin əsas məqsədi rayon ərazisində 2022-ci ilin suvarma mövsümünün başlanması ilə bağlı görülmüş və görülməsi nəzərdə tutulan işləri müzakirə etməkdir. 2021-ci ildə kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələrdən, bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmaqla yanaşı, 2022-ci ildə qarşıda duran vəzifələrdən danışmaqdır. Məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir.


 

İcra başçısı qeyd edib ki, 2016-cı ildə əkin sahəsi 16520,6 hektar təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 20255,3 hektar nəzərdə tutulub. Artıq 19723,1 hektarda əkin işləri aparılıb ki, bunun da 4876,5 hektarını buğda, 6487,5 hektarını arpa, 1000 hektarını isə kartof sahəsi təşkil edir. 

İcra başçısı rayon ərazisində suvarılan torpaq sahəsinin 18911 hektar olduğunu bildirib. 2385 hektarı həyətyanı, 15939 hektarı çöl pay torpağı olmaqla, 18324 hektar torpaq sahəsinin arx və nasoslar vasitəsilə suvarıldığını qeyd edib. 587 hektar torpaq sahəsinin isə subartezian quyuları vasitəsilə suvarıldığını, bunun da 431 hektarını həyətyanı, 156 hektarını çöl pay torpaq sahəsinin təşkil etdiyini bildirib. Hazırda rayonda 205 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu vurğulayıb.

Rayon rəhbəri bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan icra başçısı statistik rəqəmləri diqqətə çatdırıb. 2017-ci ildə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilib. 2018-ci ildə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i isə əl əməyi ilə aparılıb. 2019-cu ildə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla 303,23 km məsafədə təmizlik işləri görülüb. 2020-ci ildə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2021-ci ildə də işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2022-ci ildə isə 347,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. Son 6 ildə 852,90 km-i texnika, 1002,17 km-i əl əməyi ilə olmaqla, 1855,07 km məsafədə təmizlik işlərinin aparıldığını qeyd edib.

İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Ən əsası da mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla növbəlilik cədvəlinin tərtib olunmasının vacibliyini, kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bu sahədə verilən tapşırığın ciddiliyini dərk edərək qeyd edilən məsələlərə məsuliyyətlə yanaşmalarını qeyd edib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Çaylı kəndindən Qəzənfər Qocayev, Aşağı Salahlı kəndindən Ayvaz Osmanov, Xanlıqlar kəndindən Natik Çobanov bugünkü müşavirənin əhəmiyyətini qeyd edərək vaxtında keçirilən bir tədbir olduğunu söyləyiblər. Suvarma ilə bağlı səslənən fikirlərin, xüsusilə də sudan qənaətlə istifadə edilməsi üçün növbəlilik cədvəlinin tərtib olunmasının və hər kəsin bu qrafikə əməl etməsinin vacibliyini bir daha diqqətə çatdırıblar. Verilən tapşırıq və tövsiyələrə əməl etməyin nəinki dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.

GOYEZEN.AZ


Geri qayıt