Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyevin Brüssel səfəri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisindən bir daha xəbər verdi
Prezident İlham Əliyevin Brüssel səfəri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisindən bir daha xəbər verdi11-04-2022, 09:13 |
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə etmiş xalqımız bu günlərdə Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurunun şahidi oldu. Prezident İlham Əliyevin aprelin 6-da Brüsselə olan səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisindən bir daha xəbər verdi. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Hər kəsə yaxşı məlumdur ki, ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Bu, o tarixi görüş oldu ki, ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar qəbul olundu. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam isə Azərbaycanın ərazi bütövlüyüdür. Bu, ölkəmizin və dövlət başçısının növbəti uğurudur. Əminliklə deyə bilərik ki, bu həm də gərginliyin azalmasına xidmət edən razılıq oldu. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Bu sahədə Avropa İttifaqının dəstəyi də böyük önəm təşkil edəcək. Belə ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. İnfrastruktur layihələr müstəvisində əməkdaşlıq da böyük önəm daşıyacaq. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır. Ən vacib məqamlardan biri isə odur ki, sənəddə "Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Bu isə o deməkdir ki, münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyinə gəlincə Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Səmərəli və konstruktiv əməkdaşlıq da bir daha onu göstərir ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Dövlətimiz və xalqımız üçün sevindirici haldır ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Eyni zamanda, son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş və məqsədyönlü siyasəti onu deməyə əsas verir ki, diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. Və biz qalib dövlətin qalib xalqı olaraq hər gün bunun şahidi oluruq. GOYEZEN.AZ Geri qayıt |