Azərbaycan elminə ağır itki üz verib.
Görkəmli
tarixçi-etnoqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi,
"Şöhrət” və "Şərəf” ordenləri laureatı, akademik Teymur Bünyadov aprelin 8-də
94 yaşında vəfat edib.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov dəyərli ziyalı, akademik Teymur Bünyadovun vəfatından kədərləndiyini bildirir, qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından
Bünyadovlar ailəsinə dərin hüznlə başsağlığı verir.
Teymur
Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində
doğulub, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət
Universitetinin Tarix fakültəsinə daxil olmuşdu. Ali təhsilini
başa vurduqdan sonra Moskvada SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət
Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas
alim Y.İ.Krupnovun rəhbərliyi ilə "Tunc dövründə Azərbaycanda əkinçilik və
maldarlıq” namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi
alimlik dərəcəsini almışdı.
Teymur Bünyadov 1955-ci ilin may ayında Azərbaycan EA
Tarix İnstitutunda elmi fəaliyyətə başlamışdı. Həmin ildən onun bütün həyatı və
elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya
İnstitutu ilə bağlı olmuşdu.
Alim 1968-ci
ildə "Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda
doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya
elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci
ildə professor elmi adına layiq görülmüşdü. O, 1989-cu ildə Azərbaycan EA-nın
müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdi.
Akademik
Teymur Bünyadovun fəaliyyəti daha çox Azərbaycanın arxeologiya və etnoqrafiya
elmi ilə bağlı idi. Yorulmaz tədqiqatçı 35 monoqrafiyanın və 800-dən çox
məqalənin, o cümlədən, xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç
və s.) nəşr olunmuş əsərlərin müəllifi idi.
Alim elmi və
bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də səmərəli fəaliyyət göstərmişdi.
O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət
Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində "Azərbaycan tarixi”,
"Qədim dünya tarixi” və "Arxeologiya” fənlərindən dərs demişdi.
Teymur Bünyadov
respublikanın ictimai həyatında da fəal iştirak etmişdi. 1995-ci ildə I çağırış
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdi. O, həmin müddətdə
Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olmuşdu.
Akademikin
səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək
qiymətləndirilmiş, o, 2008-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq
görülmüş, 2005-ci ildə "Şöhrət” ordeni, 2018-ci ildə isə "Şərəf” ordeni ilə
təltif edilmişdir.
Qeyd edək ki, akademik Teymur Bünyadov bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Allah rəhmət eləsin!
GOYEZEN.AZ
Geri qayıt
|